Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / YAP gəncliyin inkişafı üçün uğurlu layihələr həyata keçirir

YAP gəncliyin inkişafı üçün uğurlu layihələr həyata keçirir

07.06.2018 [09:17]

Təhsildə nailiyyət qazanan bir qrup tələbə-gəncə partiyanın təqaüdü verilir
Azərbaycanın sürətli inkişafı, ölkəmizin ictimai həyatın bütün sahələrində əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Gənclərin yüksək səviyyəli və keyfiyyətli təhsillə təmin olunması, onların bilikli və vətənpərvər vətəndaş kimi yetişdirilməsinə yönəlmiş addımlar dövlət gənclər siyasətinin mühüm elementlərindən birini təşkil edir. Gəncliyin inkişafına Yeni Azərbaycan Partiyası (YAP) da böyük töhfələr verməkdədir. YAP gənclərlə bağlı bir sıra layihələrin də müəllifidir və bu layihələr vasitəsilə gənclərimizə diqqət göstərilir, fəal gənclərin üzə çıxarılıb onların potensialından səmərəli istifadə olunması yönündə addımlar atılır. Partiyamız sosial-mədəni həyatın əsas sahələrinin - elmin, təhsilin və mədəniyyətin inkişafının, gənc nəslin tərbiyəsinin ümumxalq və ümumdövlət işi səviyyəsinə qaldırılması istiqamətində həyata keçirilən dövlət siyasətinə yaxından dəstək göstərir. Bu kontekstdə Yeni Azərbaycan Partiyasının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən və artıq ənənə halını almış, məktəblilər arasında “Heydər Əliyev məktəblilərin gözü ilə” ümumrespublika inşa müsabiqəsi diqqəti xüsusi olaraq cəlb edir. Qeyd edək ki, bu layihənin əsası 2007-ci ildə Yeni Azərbaycan Partiyası, Təhsil Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən qoyulub.
Hazırda isə bu layihə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsi adı ilə Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilir. Qeyd edək ki, müsabiqənin qalibləri Ulu öndərin doğum günü ərəfəsində keçirilən təntənəli mərasim zamanı mükafatlandırılırlar. Həmin mükafatlandırmadan başqa, YAP bəyan edib ki, əgər müsabiqənin qalibləri (I, II və III yerin qalibləri) dövlət ali məktəblərinə qəbul olub tələbə adını qazanarlarsa, onlara ali təhsillərini bitirənədək təqaüd veriləcək. Artıq YAP-ın təqaüdünü alanların sayı 40 nəfərdən çoxdur, bu təqaüdü alanlardan ali məktəbləri başa vuranlar da var. Tələbə-gənclərə təqaüdlərin verilməsi Yeni Azərbaycan Partiyasının gənc nəslin inkişafına göstərdiyi qayğının növbəti təcəssümüdür.
Qeyd edək ki, 2017-ci ildə də Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş bu müsabiqədə yüzlərlə məktəbli iştirak edib. Müsabiqənin yekun mərhələsində qalib olan şagirdlər may ayında “Gülüstan” sarayında keçirilən mərasimdə mükafatlandırılıblar. 2017-2018-ci il qəbul imtahanları zamanı isə müsabiqənin qalibi olmuş 11 gənc dövlət ali məktəblərinə qəbul olunduğu üçün Yeni Azərbaycan Partiyasının tələbə təqaüdünə layiq görülüb.
Həmsöhbətimiz olan təqaüdün sahibləri də YAP tərəfindən təqaüdə layiq görülmələrindən qürur duyduqlarını bildiriblər. Fatima Fuad qızı Keyseruxskaya da bu sevinci yaşayan tələbə-gənclərdən biridir. Qeyd edək ki, Fatima 2000-ci ilin aprel ayında Balakən şəhərində dünyaya gəlib. O, Balakən şəhər Nizami adına 1 saylı orta məktəbdə təhsil alıb.
Təhsil aldığı müddətdə də F.Keyseruxskaya bir sıra uğurlara imza atıb. Belə ki, 2015-ci ildə 10-cu sinifdə oxuyarkən Respublika Fənn Olimpiadasında tarix fənni üzrə qızıl, 2016-cı ildə isə gümüş medal qazanıb. O, 10-cu sinifdə oxuyarkən həmçinin “Sabahın alimləri” IV respublika müsabiqəsində kimya fənni üzrə 2-ci yerin qalibi olub. Uğurlarının davamı olaraq Fatima 2016-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçirdiyi müsabiqədə “Azərbaycanın gələcəyi” mükafatına layiq görülüb.
Onun üçün ən yaddaqalan hadisələrdən biri isə Ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində iştirak etmək olub. F.Keyseruxskaya 10-cu sinifdə oxuyarkən bu müsaqibədə iştirak edərək respublika üçüncüsü olub: “Ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş müsabiqədə iştirak etmək mənim üçün həm qürurverici, həm də məsuliyyətli idi. Mən öz yazımda böyük şəxsiyyət haqqında düşüncələrimi ifadə etdim. Çox sevinirəm ki, qaliblər arasında mənim də adım var”.
Fatima orta məktəbdə oxuyarkən həmişə fəallığı ilə seçilib, bunun nəticəsidir ki, 3-cü Respublika Uşaq Forumunun və 7-ci Respublika Gənclər Forumunun nümayəndəsi olub. Onun təhsilə xüsusi diqqətlə yanaşması öz bəhrəsini verib və orta məktəbi də qızıl medalla bitirib. Təbii ki, qızıl medallı bu gənc xanım üçün ali məktəbə qəbul olmaq da çətin olmayıb. Fatima qəbul imtahanlarında 665 bal toplayaraq “ADA” Universitetinin Dövlət və ictimai münasbətlər fakültəsinə daxil olub, hazırda universitetin birinci kursunda təhsil alır.
F.Keyseruxskaya təhsildə qazandığı uğurlara görə ilk növbədə valideynlərinə və müəllimlərinə minnətdardır. O, ziyalı ailəsində böyüyüb, atası həkim, anası isə müəllimədir. Məhz valideynləri və müəllimləri onu gələcək uğurlar qazanmağa ruhlandıraraq təhsildə böyük nailiyyət qazanmalarına vəsilə olublar.
Beləliklə, “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi olan Fatima ali məktəbə daxil olduğu üçün Yeni Azərbaycan Partiyasının təqaüdünə layiq görülüb. O, bu təqaüdə layiq görüldüyü üçün partiya rəhbərliyinə minnətdarlığını bildirib.
Digər YAP təqaüdçüsü Həbibə Mirtağı qızı Cabbarova isə 1999-cu il noyabr ayında Bakı şəhərinin Pirallahı rayonunda anadan olub. Orta təhsilini Pirallahı rayonu N.S.Teymurov adına 231 saylı məktəbdə alan Həbibə oxuduğu müddətdə bir sıra bilik yarışmalarının qalibi olub. O, Ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş müsabiqədə iki dəfə iştirak edib. H.Cabbarova 2015-ci ildə, 9-cu sinifdə oxuyarkən Ulu öndərimizin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev məktəblilərin gözü ilə” inşa müsabiqəsində respublika üzrə 3-cü yeri qazanıb. 11-ci sinifdə oxuyarkən isə dahi şəxsiyyətin anadan olmasının 94-cü ildönümü münasibəti ilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsində 2-ci yerin qalibi olub.
Orta məktəbi qızıl medalla bitirən Həbibə üçün bu müsabiqələrdə iştirak etmək ən unudulmaz anlardan biridir. Çünki müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevə həsr olunmuş müsabiqələrdə qalib olmaq çox qürurvericidir. Orta məktəbi bitirəndən sonra ali məktəbə qəbul olunmaq üçün imtahan verən H.Cabbarova bu dəfə də hər kəsin ümidlərini doğruldub. O, qəbul imtahanında 667 bal toplayaraq Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dövlət və ictimai münasibətlər ixtisasına ödənişsiz əsaslarla qəbul olunub. Hal-hazırda həmin universitetin birinci kurs tələbəsidir. Ali məktəb tələbəsi adını qazandığı üçün də H.Cabbarova YAP-ın təqaüdünə layiq görülüb. “Ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu və bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyanın təqaüdünü almaq mənim üçün çox qürurvericidir. Bu təqaüdün mənim üçün maddi cəhətdən daha çox mənəvi üstünlüyü var. Ona görə də, çox dəyərlidir. Artıq mən YAP-ın üzvü olmaq üçün müvafiq ərazi ilk partiya təşkilatına ərizə ilə müraciət etmişəm. Ulu öndər Heydər Əliyevin yaratdığı bir partiyanın üzvü olmaq mənim üçün şərəflidir”, - deyə YAP təqaüdçüsü söyləyib.
Digər bir tələbə - Nigar Ramiz qızı Əliyeva da bu tədris ilində ali məktəbə qəbul olunaraq YAP-ın təqaüdçüsü adını daşıyır. 2000-ci ilin iyun ayında Bakı şəhərində dünyaya gələn Nigar orta təhsilini S.C. Pişəvəri adına Respublika Humanitar fənlər gimnaziyasında alıb. Oxuduğu müddətdə müxtəlif müsabiqələrdə iştirak edib, hər zaman təhsildə fərqlənməyə çalışıb.
N.Əliyeva 2013-cü ildə “Heydər Əliyev məktəblilərin gözü ilə” inşa yazı müsabiqəsində iştirak edərək respublika birincisi olub. 2016-cı ildə isə Ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində fərqlənmə diplomuna layiq görülüb. “Mən bu müsabiqələrdə böyük həvəslə iştirak etdim. Böyük şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev haqqında olan müsabiqədə iştirak etmək, Onunla bağlı düşüncələrimi yazmaq mənim üçün çox məsuliyyətli idi. Və çox sevinirəm ki, mənim yazılarım dəyərləndirildi və müsabiqədə yüksək yer qazandım”, - deyən Nigar növbəti sınaqdan da uğurla çıxıb. Belə ki, o, orta təhsilini başa vurduqdan sonra qəbul imtahanlarında da yaxşı göstərici əldə edərək Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Hazırda həmin fakültənin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alır. “Hazırda uşaqlıqdan böyük arzum olan tələbə həyatını yaşayıram, ali məktəbdə təhsil alıram. YAP-ın təqaüdçüsü olmaq isə mənə gələcək uğurlarım üçün stimul verir. Çünki bu fakt göstərir ki, yüksək bilik və bacarığa nail olmaq istəyən gənclərin əməyi dəyərləndirilir”, - deyə N.Əliyeva vurğulayıb.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 476 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31