Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qida Təhlükəsizliyi Agentliyi jurnalistlər üçün mediatur təşkil edib

Qida Təhlükəsizliyi Agentliyi jurnalistlər üçün mediatur təşkil edib

29.12.2018 [09:31]

Media nümayəndələri AQTA-nın Qida Təhlükəsizliyi İnstitutunun Lənkəran Regional Sınaq Laboratoriyasının fəaliyyəti və iş prinsipiləri ilə tanış olublar
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dekabrın 21-də ölkəmizin cənub bölgəsinə mediatur təşkil edib. Səfərə “Yeni Azərbaycan” qəzeti də daxil olmaqla, 20-dən artıq media qurumunun nümayəndəsi qatılıb. AQTA-nın informasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev bildirib ki, məqsəd jurnalistlərə Agentliyin müxtəlif regionlarda yerləşən sınaq laboratoriyalarının fəaliyyəti və həmin laboratoriyaların iş prinsipini əyani şəkildə nümayiş etdirmək, bu proseslərin icrası zamanı şəffaflığın tam təmin edildiyi barədə onları bilgiləndirmək olub. O, təmsil etdiyi qurumun əhalinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində gördüyü işləri ictimaiyyətə daha dolğun çatdırmaq və onları məlumatlandırmaq üçün belə səfərlərin mütəmadi olaraq davam etdiriləcəyini söyləyib.
Jurnalistlər AQTA-nın laboratoriyasının fəaliyyəti ilə yaxından tanış olublar
İki gün davam edən səfər çərçivəsində bir sıra istehsalat müəssisələrində olduq. İlk olaraq, Lənkərandakı “Cənub Aqro” MMC-nin istixana təsərrüfatına yollandıq. Burada yetişdirilən pomidor məhsulundan götürülən nümunələrin AQTA-nın Qida Təhlükəsizliyi İnstitutunun Lənkəran Regional Sınaq Laboratoriyasına aparılması və orada həmin nümunələrin ekspertizasının aparılması prosesini əyani şəkildə izlədik. Qida Təhlükəsizliyi Agentliyinin Keyfiyyətin Qiymətləndirilməsi Şöbəsinin müdiri İlahə Əliyevanın jurnalistlərə verdiyi məlumata görə, Lənkəran Regional Sınaq Laboratoriyasının təyinatı heyvan və bitki mənşəli xəstəliklərin, bütün növ qida məhsullarında təhlükəsizlik və keyfiyyət göstəricilərinin ekspertizası olmaqla, üç istiqamət üzrə qurulub. Belə ki, laboratoriyada 27 laborator baxış otağı var və gündəlik 300 sınaq aparmaq mümkündür. Burada ABŞ, İtaliya, İspaniya və digər ölkələrin tanınmış şirkətlərinin istehsal etdiyi avadanlıq və cihazlar quraşdırılıb: “Lənkəran Regional Sınaq Laboratoriyasında həmçinin kimyəvi və bioloji tullantıların zərərsizləşdirilməsi otağı, soyuducu kamera və yardımçı tikililər də mövcuddur. Kimyəvi və bioloji tullantıların zərərsizləşdirilməsi otağında proses ozonlaşdırma texnologiyası əsasında aparılır. Patoloji materialın və heyvan qalıqlarının məhv edilməsi insinerator qurğusunda həyata keçirilir. Vivarium otağında isə sınaq üçün nəzərdə tutulmuş təcrübə heyvanları saxlanılır”.
Bildirilib ki, qəbul edilmiş nümunələr digər şöbələr tərəfindən tədqiq olunur. Nümunə qəbulu şöbəsi laboratoriyanın təyinatı üzrə üç fərqli istiqamətdə kodlaşdırma prinsipinə əsasən nümunələrin qəbulunu həyata keçirir. Bunlar patoloji materialın, bitkiçilik məhsullarının və bütün növ qida məhsullarının qəbuludur.
AQTA qidaları necə yoxlayır?
Bu ilin iyul ayından fəaliyyətə başlayan laboratoriyada həmçinin toksikologiya şöbəsində ən müasir metod və cihazlardan istifadə edilərək, bütün növ qida məhsullarının təhlükəsizlik göstəriciləri olan pestisid qalıqlarının, toksiki ağır metalların, konservantların, qida rəngləyicilərinin təyini həyata keçirilir. Sınaqların aparılmasında dünyanın aparıcı şirkətlərinin istehsalı olan maye və qaz xromatoqrafiya, atom absorbsiyon spektrometriya və spektrofotometriya sistemlərindən istifadə edilir. Fiziki-kimyəvi müayinələr şöbəsində beynəlxalq standartlara uyğun metodologiya vasitəsilə məhsulların qida dəyərliliyi və keyfiyyət göstəriciləri üzrə sınaqlar aparılır.
Bildirilib ki, molekulyar biologiya və GMO-nun təyini şöbəsində müasir biotexnoloji metodların tətbiqi vasitəsilə qida məhsullarında genetik modifikasiya olmuş komponentlərin, eyni zamanda, ət və ət məhsullarında mənşə təyini həyata keçirilir. Mikrobiologiya şöbəsində qida məhsullarında bakterioloji çirklənmə, həmçinin qarayara, bruselyoz, vərəm kimi bakterial mənşəli heyvan xəstəliklərinin ekspertizası aparılır. Laboratoriya bioloji təhlükəsizlik standartlarının təmin edilməsi məqsədilə lazımi avadanlıqlarla təchiz olunub. Virusologiya şöbəsində quduzluq, çiçək, dabaq, quş qripi kimi heyvan mənşəli virusoloji xəstəliklərin molekulyar səviyyədə diaqnostikası həyata keçirilir.
Media nümayəndələrinə o da bildirilib ki, heyvan mənşəli məhsullarda parazitar xəstəliklər törədicilərinin təyini parazitologiya şöbəsində aparılır. Karantin ekspertiza şöbəsində isə bitkiçilik məhsullarında zərərverici orqanizmlərin diaqnostikası və təyini həyata keçirilir. Qeyd olunan müayinələr Qida Təhlükəsizliyi İnstitutunda intensiv təlimlərə cəlb edilmiş 18 nəfərlik işçi heyəti tərəfindən aparılır.
Bir sözlə, qida məhsullarından götürülən nümunələr məxfiliyin qorunması prinsipi əsas olmaqla kodlaşdırılır, daha sonra təyinatı üzrə müvafiq laborator analizlər aparılması məqsədilə müayinə edilir. Müayinələrdən sonra nəticələr həmin kod altında Agentliyin vahid elektron sisteminə ötürülür. Bununla da prosesin şəffaf şəkildə izlənməsi təmin edilir.
Xatırladaq ki, nümunələr laboratoriyaya vətəndaşlardan daxil olan şikayət əsasında, eləcə də sahibkar və vətəndaşların fərdi istəyi ilə daxil olur.
Jurnalistlər “Astaraçay” MMC çay fabrikində yaradılan şəraitlə tanış olublar
Media nümayəndələri “Astaraçay” MMC-nin çay fabrikinə baş çəkiblər. İstehsal prosesini izləmək və yaradılan şəraitlə tanış olmaq imkanı da əldə ediblər. Azərbaycanda kənd təsərrüfatının ənənəvi sahələrindən olan çayçılığın inkişaf tarixi, sovet dövründə və sonralar Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkənin cənub bölgəsində bu sahədə həyata keçirilmiş tədbirlər haqqında bizə ətraflı məlumat verildi. Bildirildi ki, “Made in Azerbaijan” brendi ilə ixracı artırmaq istiqamətində bütün səylərini səfərbər ediblər. Media nümayəndələrinin diqqətinə çatdırıldı ki, burada Davos Dünya İqtisadi Forumunda iştirakçıların içdiyi və yüksək qiymətləndirdiyi çay nümunəsi də saxlanılır. Qonaqlar, öz növbəsində, “Astaraçay” MMC-nin ofis binası, eləcə də “Çay muzeyi”ndə nümayiş etdirilən eksponatlarla, dequstasiya zalı və turistlər üçün tikilmiş Çay evi ilə də tanış olub, dillərə dastan Astara çayının dadına baxıblar.
Müşfiqə BAYRAMLI
Bakı-Lənkəran-Astara-Bakı

Paylaş:
Baxılıb: 597 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31