Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Böyük Qayıdış” uğurla reallaşır

“Böyük Qayıdış” uğurla reallaşır

23.06.2023 [10:35]

2026-cı ilin sonunadək azad edilmiş ərazilərə 34500 ailənin köçürülməsi nəzərdə tutulur

44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdən sonra dövlətimizin qarşısında dayanan ən mühüm hədəflərdən biri işğaldan azad edilmiş ərazilərimizin bərpasını və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etməkdir. Döyüş meydanında düşməni diz çökdürən və kapitulyasiyaya məruz qoyan qalib Azərbaycan bərpa və quruculuq işlərini də qısa müddətdə və yüksək səviyyədə həyata keçirmək əzmindədir. Ötən dövrdə reallaşdırılan layihələr onu deməyə əsas verir ki, respublikamız işğaldan azad olunmuş ərazilərin bərpası, soydaşlarımızın məskunlaşdırılması ilə bağlı qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməkdədir.

Dövlət Proqramındakı əsas hədəf...

Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərin bərpası və “Böyük Qayıdış”ın təmin olunması yeni strateji mərhələdə Azərbaycanın əsas prioritetləri sırasında yer alır. Söhbət bütünlüklə dağıdılmış ərazilərin minalardan təmizlənməsindən, şəhər və kəndlərin bərpasından, zəruri infrastruktur qurulmasından  gedir. Azərbaycan dövləti bu kimi amilləri nəzərə alaraq işğaldan azad edilmiş ərazilərin ölkənin digər bölgələri kimi yüksək inkişaf yolun qədəm qoyması üçün güclü siyasi iradə sərgiləyir. Prezident İlham Əliyevin imzaladığı müvafiq sənədə əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması həm bu ərazilərin iqtisadi potensialından səmərəli şəkildə istifadə edilməsi, həm də reinteqrasiya proseslərinin sürətləndirilməsi baxımından xüsusi önəm daşıyır.

Ötən il Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Böyük Qayıdış”la bağlı 2022-2026-cı illəri əhatə edən Dövlət Proqramı işğaldan azad edilmiş torpaqlarımıza yenidən həyatın qaytarılmasında mühüm rola malikdir. Proqramın əsas hədəfi ilk beşillikdə 34 min 500 ailəni azad edilmiş ərazilərə köçürməkdir. Bu istiqamətdə sistemli tədbirlər həyata keçirilməkdədir.

“Böyük Qayıdış”ın ilk müjdələri

Xatırladaq ki, keçən il Zəngilanın Ağalı kəndi “Böyük Qayıdış”ın ilk müjdəsi oldu. İndiyədək Ağalıya 86 ailə köçürülüb. Kənddə əhalinin yaşayışı və məşğulluğu üçün bütün tədbirlər görülüb. Bu ilin mart ayında - Novruz bayramı ərəfəsində Tərtərin Talış kəndinə  bir qrup əhali köçürüldü. 28 May - Müstəqillik Günündə isə Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim etmişdi. Ümumilikdə, Laçının bərpası istiqamətində ötən dövr ərzində böyük həcmdə işlər görülüb. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub. Bütövlükdə, bəhs olunan dövrdə 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9-u isə çoxmənzilli binadır. Həmin binalarda 144 mənzil hazırlanıb. Mayın sonunda ilk 20 ailə Laçında yerləşdirilib.

Qeyd edək ki, birinci mərhələdə Laçında 4 minə yaxın insan yaşayacaq.  Laçın şəhərinə qayıdan əhali ilə görüşündə Prezident İlham Əliyev bildirmişdi ki, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Mərhələli şəkildə insanların Laçın şəhərinə qayıdışı təmin edilir. Laçın rayonuna növbəti qayıdış isə bu ayın 14-də reallaşıb. Növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb. Belə ki,  daha 22 ailə - 72 nəfər doğma yurda dönüşün sevincini yaşayıb. Köçürülən ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayan məcburi köçkünlər arasından seçilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq “Böyük Qayıdış” çərçivəsində keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı yenə də davam etməkdədir. İyunun 19-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 13 ailə - 44 nəfərin köçürülməsi baş tutub. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşıblar. Bununla da, Laçın şəhərində 55 ailə, yəni 213 nəfərin daimi məskunlaşması təmin edilib.

Yeni infrastrukturlar qurulur...

Laçına köçürülən əhalinin rahat şəraiti üçün bütün infrastrukturlar qurulmaqdadır. Məsələn, TƏBİB-in tabeliyində modul tipli Laçın Ailə Sağlamlıq Mərkəzi əhalinin istifadəsinə verilib. Ümumi sahəsi 299.50 kvadratmetr olan mərkəz biri 5 çarpayılı stasionar olmaqla, ümumilikdə, 15 otaqdan ibarətdir. Laçın Ailə Sağlamlıq Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə Qarabağ və Şərqi Zəngəzurun inkişafına təkan verən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdışa” dair I Dövlət Proqramı”na uyğun olaraq yaradılıb. Paralel olaraq hazırlanan orta məktəb binası isə yeni dərs ili üçün hazır olacaq. Bundan başqa, rayonun ərazisində onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır. Burada 1100-dən çox iş yeri açılacaq. Bir sözlə, Laçında həm yaşamaq, həm işləmək üçün hər cür şərait yaradılır.

İyunun 22-də isə işğaldan azad edilmiş Laçın şəhərində rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verilib. Bina bütün zəruri avadanlıq, kompüter sistemi, kommunikasiyalar və mühəndis qurğuları ilə təchiz edilib, mebel və digər inventarlarla təmin olunub. Qeyd olunub ki, inzibati binasının açılışı edilən ilk dövlət orqanlarından biri olması, prokurorluq orqanlarının fəaliyyəti üçün yaradılmış yüksək şərait prokurorluq orqanlarının dövlət orqanları sistemində yüksək yerini göstərməklə, həm də dövlət başçısı tərəfindən prokurorluğa göstərilən etimad və qayğının sübutudur.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 623 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31