Dünyamızı necə xilas edək?
29.08.2023 [11:03]
Hazırda dünyada meydana çıxan əsas çağırışlardan biri qlobal iqlim dəyişiklikləri ilə bağlıdır. Müşahidə edilən və getdikcə daha da genişlənən qlobal iqlim dəyişiklikləri yalnız təbiət hadisələri kimi dəyərləndirilmir.
Mütəxəssislər qlobal istiləşmənin, atmosferin yol verilən həddən dəfələrlə artıq dərəcədə çirklənməsinin qarşısıalınmaz fəsadlara yol açması ilə bağlı xeyli müddətdir ki, həyəcan təbili çalırlar. Qlobal təhdidlər fonunda beynəlxalq həmrəyliyə çağırışlar edilir. Etiraf olunur ki, bu gün qlobal miqyasda,
Beynəlxalq Millətlər Təşkilatı (BMT) səviyyəsində səylər birləşdirilməsə, sabah gec olacaq. Söhbət elə böyük, elə genişmiqyaslı təhlükədən gedir ki, ayrılıqda götürülmüş hansısa bir ölkənin, coğrafiyanın bu mənfi təsirlərdən yayınması sadəcə, mümkün olmayacaq.
Növbəti çağırış Türkiyə Prezidenti R.T.Ərdoğandan gəldi
Bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində iqlim dəyişikliyi məsələsinə xüsusi yer ayırıb. Müşahidəçilər qardaş ölkənin liderinin narahatlığının əbəs olmadığını bildirirlər. Son zamanlar təbii fəlakətlərdən əziyyət çəkən Türkiyə bərpa olunan enerji və ətraf mühit məsələlərinə sərmayə qoyuluşuna həssas yanaşmasına baxmayaraq, qlobal hadisələrin mənfi təsirlərindən yan keçə bilməyib. Cari ilin əvvəlində qardaş Türkiyədə baş verən zəlzələlənin miqyası çox böyük oldu. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub, on minlərlə insan həyatını itirib. Buna görə də təbii fəlakətlərlə, o cümlədən də qlobal iqlim dəyişikliyi ilə bağlı qardaş ölkə liderinin çağırış etməsi tam anlaşılandır. Qlobal iqlim dəyişikliyi ilə bağlı narahatlığını bölüşən R.T.Ərdoğan vurğulayıb: “İqlim dəyişikliyindən tutmuş müharibələrə qədər bir çox amil ərzaq təminatı təhlükəsizliyini bütün cəmiyyətlər üçün milli təhlükəsizlik məsələsinə çevirib. 2100-cü ilə qədər edilən proqnozlar göstərir ki, orta temperatur yüksələcək, isti dalğaları geniş vüsət alacaq, meşə yanğını riskləri artacaq, yağıntılar azalacaq, balanssız yağıntılar səbəbindən daşqınlar artacaq - bir sözlə, qarşımızda bu günə qədər olmayan bir çox problemlərlə üzləşəcəyik. Əslində, yazdan yaya qədər yağan leysan yağışlardan sonra havanın yüksək temperaturunun təsiri ölkəmizdə kənd təsərrüfatından tutmuş energetikaya qədər bir çox sahədə hiss olunur. Biz həm öz öhdəliklərimizi yerinə yetirməklə, həm də qlobal səviyyədə təşəbbüs göstərməklə dünyamızın və bəşəriyyətin ortaq gələcəyinə aid olan bu həyati vacib məsələ üzərində işləməyə davam edəcəyik”.
O da bildirilir ki, Rəcəb Tayyib Ərdoğan 9-10 sentyabr tarixlərində ABŞ-da keçiriləcək G 20 sammiti və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Hindistanda keçiriləcək iclasında iqlim dəyişikliyini gündəmə gətirərək dünyaya bir daha xəbərdarlıq edəcək.
Dünyanın mənzərəsi: Nə gözlənilir?
Təəssüf ki, dünyada müşahidə edilən və bir sıra hallarda böyük faciələrə gətirib çıxaran mənfi proseslərin, baş verən arzuolunmaz hadisələrin müəllifləri həm də insanlardırlar. İnsanlar ana təbiəti hədsiz dərəcədə istismar edirlər, ancaq təbiətdən aldıqlarının əvəzini geri qaytarmağa tələsmirlər. Belə qeyri-adekvat fəaliyyət təbiətdə disbalans yaradır. Qlobal istiləşmənin ən mühüm səbəblərindən biri məhz insan fəaliyyətləri nəticəsində atmosferə getdikcə daha böyük həcmlərdə karbon qazının atılması ilə birbaşa bağlıdır. Biz atmosferin hüdudsuz olduğunu düşünürük. Ancaq sübut olunur ki, atmosfer kifayət qədər geniş olsa da, ora atılan zəhərli qazlar nəticəsiz qalmır. Necə deyərlər, atmosfer bu zəhəri tam uda bilmir və onu özümüzə geri döndərmək məcburiyyətində qalır. Verilən məlumatlara görə, planetimizdə son yüz il ərzində havanın illik temperaturu 1 dərəcə artıb. Ən dəhşətlisi odur ki, temperaturun 0,75 dərəcə artımı son onilliyə təsadüf edir. Çox doğru olaraq bu tendensiya qlobal miqyasda sənaye inkişafının genişlənməsi ilə əlaqələndirilir. Yer üzündə həyatın tam məhv olması üçün isə temperaturun 10-15 dərəcə artması kifayətdir. Xəbərdarlıq edilir ki, əgər temperaturun artması belə davam edərsə, onda 130-200 ildən sonra Yerdə həyat mövcud olmayacaq.
Səmt qazının fəsadları
Verilən statistikaya görə, hər il dünyanın neft hasil olunan ərazilərində 150 mlrd. kubmetr səmt qazı yandırılır. Bu, atmosferə atılan 300 mln. tondan çox CO2 qazının emissiyası deməkdir. Mütəxəssislər belə bir qənaəti bölüşürlər ki, əgər qlobal miqyasda yandırılan bütün qaz elektrik enerjisi istehsalına sərf olunsaydı, 750 mlrd. kilovat saat elektrik enerjisi yaranardı ki, bu da Afrika qitəsinin birillik tələbatına bərabərdir.
Bu statistika düşünmək və səmt qazının açıq havada yandırılması təcrübəsindən, nəhayət, geri çəkilmək üçün əsas verir. Belə çıxır ki, neft istehsalçıları uzun illər ərzində, əslində çox mühüm enerji məhsulu olan səmt qazını açıq havada yandıraraq tüstüyə çevirməklə böyük gəlirlər itiriblər, eyni zamanda, udduğumuz havanı çirkləndiriblər. Ziyanın yarısından qayıtmaq da faydalıdır, deyiblər. Artıq dünya üzrə səmt qazının açıq havada yandırılaraq utilizasiya edilməsinin minimallaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bu sırada Dünya Bankının reallaşdırdığı layihənin önəmini xüsusi qeyd edə bilərik. Qurum bir sıra neft istehsal edən ölkələrin hökumətləri və transmilli şirkətlərlə birlikdə Səmt Qazının Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlığa (GGFR) başlayıb. Layihə getdikcə özünə daha çox tərəfdaş tapmaqdadır.
Quraqlıq, su çatışmazlığı
İqlim dəyişikliyinin ən mühüm fəsadlarından biri quraqlıq və su çatışmazlığıdır. Yeni minillikdə etibarlı su təchizatının hər bir ölkə üçün strateji əhəmiyyət daşıyan məsələ səviyyəsinə yüksəldiyi, hətta dövlətlərarası münasibətlərə təsir göstərə bilən faktorlar sırasında yer aldığı artıq heç kəsdə şübhə doğurmur. Mütəxəssislər yeni minillikdə su ehtiyatlarının geostrateji əhəmiyyətinə diqqət çəkərək bildirirlər ki, XXI əsrdə su neftin ötən əsrdəki yerini tuta bilər. Elə son dövrlərdə Yaxın Şərqdə, MDB məkanında və digər regionlarda baş verən geosiyasi kataklizmlərin həm də bu və ya digər su mənbələrinə nəzarəti ələ keçirmək iddialarından qaynaqlandığı deyilənləri bir daha təsdiqləyir. Belə ki, getdikcə daha çox sayda dövlət malik olduğu su ehtiyatlarından başqa ölkələrə qarşı təzyiq, iqtisadi-siyasi rıçaq vasitəsi kimi istifadə etməyə üstünlük verir.
Bir sözlə, müasir dövrdə su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən qlobal problemlərdən birinə çevrilib. Yayılan məlumatlara görə, hazırda dünyada təxminən 1,5 milyard nəfər içməli su çatışmazlığından əziyyət çəkir. BMT-nin yaydığı hesabat həyəcan təbili çalmağa əsas verir. Qurumun 1998-ci ildə hazırladığı hesabatda göstərilir ki, ötən əsrin 50-ci illərində əhalisi 50 milyondan az olan yalnız 12 ölkə su qıtlığı problemi ilə qarşılaşıb. Ötən əsrin 90-cı illərində bu göstərici 2 dəfədən çox artıb və əhalisi 300 milyon nəfər olan 26 ölkə su çatışmazlığı problemindən əziyyət çəkib. Bu minvalla 2050-ci ildə 65 ölkədə 10 milyard nəfərə yaxın insan su çatışmazlığı ilə üz-üzə qalacaq.
Su çatışmazlığının acı fəsadları hazırda beynəlxalq miqyasda özünü göstərməkdədir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər gün dünyada diareya xəstəliyindən 5 min uşaq ölür, yəni hər 17 saniyəyə bir uşaq ölümü düşür. Ümumilikdə isə 500 milyondan artıq insan içməli su ehtiyacından daim müxtəlif xəstəliklərə düçar olur. Bütün bu deyilənlərə su çatışmazlığının ayrı-ayrı ölkələrdə yaratdığı ekoloji problemləri, iqtisadi əngəlləri və digər mənfi təzahürləri də əlavə etsək, onda etibarlı su təchizatı qayğısına qalmağın hər bir ölkə üçün həyati əhəmiyyətli məsələ olduğu barədə konkret təsəvvür yaranar.
Azərbaycanın qlobal həmrəyliyə töhfələri
Qlobal iqlim dəyişiklikləri Azərbaycandan da yan ötmür. BMT-nin iqlim dəyişmələri üzrə milli məlumatlarına görə, 1991-2000-ci illər ərzində havanın temperaturu Azərbaycanda 0,410 dərəcə, Naxçıvanda isə 0,470 dərəcəyədək artıb. Azərbaycan ərazisində yağıntı 9,9 faiz, Naxçıvan ərazisində isə 17,1 faiz normadan az olub. 2021-2050-ci illərin iqlim ssenarilərində qeyd olunur ki, XXI əsrin birinci yarısında Azərbaycan üzrə havanın temperatur artımı orta hesabla 10 ildə 0,30 dərəcə, Naxçıvanda isə 0.5 - 0,70 dərəcə arasında dəyişəcək.
Məsuliyyətli dövlət olan Azərbaycan iqlim dəyişiklikləri ilə bağlı BMT-nin çağırışlarına qoşulan ölkələr sırasında yer alır. Respublikamız BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına1995-ci ildə qoşulub və Konvensiyanın Kioto Protokolunu 2000-ci ildə təsdiqləyib. Kioto protokolu üzrə öhdəliklərin yerinə yetirilməsinin 2-ci dövrü üçün qəbul edilmiş Doha əlavəsi 14 aprel 2015-ci ildə Milli Məclis tərəfindən ratifikasiya edilib və ölkə Prezidenti tərəfindən təsdiqlənib.
Digər bir mühüm beynəlxalq sənəd olan Paris Sazişi isə 2016-cı il oktyabrın 28-də Milli Məclis tərəfindən ratifikasiya olunub. Paris Sazişinə əsasən Azərbaycan Respublikası Nəzərdə Tutulan Milli Səviyyədə Müəyyən edilmiş Töhfələrini Konvensiya Katibliyinə təqdim edib və qlobal iqlim dəyişmələrinə təsirlərin yumşaldılması təşəbbüslərinə özünün töhfəsi olaraq baza ili ilə (1990) müqayisədə 2030-cu ilə istilik effekti yaradan qaz emissiyalarının 35% azalma səviyyəsində saxlanılmasını hədəf kimi götürüb. Hazırda isə bu öhdəlik 40 faizə çatdırılıb.
Ölkəmizin sıfır emissiya hədəfi
Ölkəmiz neft istehsalı sahəsində sıfır emissiyasız fəaliyyəti hədəfləyib və bu sahədə qlobal tərəfdaşlığa öz töhfələrini verir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2008-ci ildən GGFR-in rəhbər komitəsinin üzvüdür. Respublikamızda həyata keçirilən layihələr nəticəsində il ərzində atmosferə atılan 1 milyard kubmetr qaz yığılaraq əhalinin istifadəsinə yönəldilib. SOCAR tərəfindən səmt qazının azaldılması tədbirləri Dünya Bankının Ekspert Şurası tərəfindən bir neçə dəfə ali mükafata layiq görülüb. Hazırda neft hasilatı zamanı səmt qazının emissiyası göstəricilərinin aşağı olmasına görə Avropa İttifaqına neft ixrac edən əsas 10 ölkə arasında Azərbaycan birinci yeri tutur. Dünya təcrübəsində qəbul olunmuş şamda yandırılan qazın əmsalı 5% olduğu halda, Azərbaycanda 2014-cü ildə bu göstərici 2%-ə, 2016-cı ildə 1,74%-ə, 2017-ci ilin avqust ayında 1%-ə, 2019-cu ildə 0,9%-ə endirilib. GGFR-in peyk əsasında apardığı hesablamalara görə, Azərbaycan qazın məşəldə yandırılmasını 2012-ci ildəki 333 milyon m3-dən 2020-ci ildə 135 milyon m3-ə qədər davamlı olaraq azaldıb. Bununla yanaşı, səmt qazından istifadənin səmərəliliyindən danışdıqda, məşəldə yandırma intensivliyi, habelə hasil edilən neftin hər barrelinə düşən yandırma miqdarı da zaman keçdikcə azalıb. SOCAR təbii qazdan Azərbaycanda enerjiyə çıxış imkanlarını genişləndirmək üçün istifadə edir. BMT-nin İnkişaf Proqramının NAMA layihəsi çərçivəsində
SOCAR 2018-ci ildə “Siyəzənneft” NQÇİ-də “Zağlı-Zeyvə” yatağını pilot sahə kimi müəyyənləşdirərək, burada səmt qazının toplanması üçün layihə həyata keçirib. Birbaşa atmosferə atılan emissiyaları azaltmaq üçün SOCAR öz infrastrukturuna sərmayə qoyaraq ərazidə üç qaztoplama məntəqəsində yeni kompressorlar, separatorlar, o cümlədən onlayn idarəetmə sistemi quraşdırıb ki, nəticədə ildə 6,8 milyon m3 səmt qazının tutulması, saxlanması və nəqli həyata keçirilir. Bundan başqa, SOCAR və BP arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq nəticəsində hər il təxminən 265 000 ton CO2 emissiyası azaldılır. İndiyədək “Xalis sıfır” (“Net Zero”) hədəfinə doğru bir sıra ciddi addımlar atan SOCAR görülən işlərin davamı olaraq gələcəkdə “yaşıl enerji”yə keçid və hidrogen enerjisindən istifadəyə üstünlük vermək istiqamətində mühüm tədbirlər görür.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52

