Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Avropada miqrasiya ilə bağlı yeni siyasət

Avropada miqrasiya ilə bağlı yeni siyasət

20.08.2026 [09:20]

İtaliyanın sağ yönümlü lideriylə Danimarkanın sosial-demokrat baş nazirini ortaq mövqeyə gətirən nədir?

Avropada miqrasiya məsələsi uzun illər siyasi partiyaları iki tirəyə bölüb. Sağ partiyalar sərhədlərin qorunmasını, ölkəyə kimin daxil olduğuna nəzarəti, qanunsuz miqrantların geri göndərilməsini və milli maraqların müdafiəsini önə çəkiblər. Sol və mərkəz-sol partiyalar isə daha çox insan hüquqlarından, qaçqınların müdafiəsindən və miqrantların cəmiyyətə inteqrasiyasından danışıblar. Amma indi Avropada vəziyyət dəyişir. 10 avqust 2026-cı ildə İtaliyanın Baş naziri Giorgia Meloni və Danimarkanın Baş naziri Mette Frederiksen miqrasiya məsələsində daha sərt siyasətin tərəfdarı olduqlarını göstərən birgə bəyanat verdilər. Onlar nəzarətsiz miqrasiyaya qarşı çıxmaqla üçüncü ölkələrdə geri qaytarma mərkəzlərinin yaradılmasını təklif etdilər və Avropanın xristian mədəni irsinin qorunmasının vacibliyini vurğuladılar.

İlk baxışdan bu, adi siyasi bəyanat kimi görünə bilər. Amma məsələnin arxasında daha böyük dəyişiklik durur, çünki Meloni ilə Frederiksen eyni siyasi cəbhədə dayanmırlar. Meloni İtaliyanın mühafizəkar və millətçi sağ qanadını təmsil edir. Frederiksen isə sosial-demokratdır və Avropanın mərkəz-sol siyasi düşərgəsinə daxildir. Buna baxmayaraq, miqrasiya məsələsində onların mövqeləri bir-birinə yaxınlaşır. Bu, Avropa siyasətində mühüm dəyişiklikdən xəbər verir. Artıq miqrasiya məsələsini sadəcə “sağ miqrantlara qarşıdır, sol isə miqrantları müdafiə edir” formasında izah etmək mümkün deyil. Avropada yeni yanaşma yaranır: miqrasiya ola bilər, amma ona nəzarət də olmalıdır. Meloni ilə Frederiksen niyə eyni mövqeyə gəldilər? Meloninin mövqeyi müəyyən mənada gözlənilən idi, o, uzun müddətdir İtaliya sərhədlərinin daha yaxşı qorunması, qanunsuz miqrasiyanın qarşısının alınması və ölkəyə gələn şəxslərin qaydalara uyğun davranması fikrini müdafiə edir.

Frederiksenin mövqeyi isə daha maraqlıdır, çünki Danimarka Sosial Demokrat Partiyasının lideri kimi o, siyasi baxımdan sol-mərkəz düşərgəsinə aiddir. Buna baxmayaraq, Danimarka son illər miqrasiya məsələsində Avropanın ən sərt siyasət yürüdən ölkələrindən birinə çevrilib. Danimarka sığınacaq, yaşayış icazəsi, deportasiya və miqrantların cəmiyyətə uyğunlaşması məsələlərində ciddi qaydalar tətbiq edir. Burada əsas məsələ ondan ibarətdir ki, Danimarka bunu sağ partiyaların proqramı kimi yox, dövlətin normal fəaliyyət göstərməsi və cəmiyyətdə sabitliyin qorunması məsələsi kimi təqdim edir. Yəni yanaşma belədir: Ölkəyə gələn insanlara kömək etmək lazımdır, amma dövlət öz sərhədlərinə və miqrasiya sisteminə nəzarəti də itirməməlidir. Bu fikir getdikcə Avropanın başqa ölkələrində də güclənir. Miqrasiya artıq yalnız sağın məsələsi deyil.

Uzun illər Avropada miqrasiya məsələsinə belə baxılırdı: sağ partiyalar “sərhədlərimizi qoruyaq”, sol partiyalar “qaçqınların hüquqlarını müdafiə edək” deyirdi. İndi fərq getdikcə azalır. Avropa hökumətlərinin qarşısında konkret problemlər var: sərhədləri necə qorumaq? Ölkədə qalmaq hüququ olmayan insanları geri necə göndərmək? Qanunsuz miqrasiya şəbəkələrinin qarşısını necə almaq? Eyni zamanda müharibədən və təqiblərdən qaçan insanları necə qorumaq? Çünki Avropanın miqrantlara ehtiyacı da var. Bir çox Avropa ölkəsində əhali yaşlanır, işçi qüvvəsinə ehtiyac artır. Müxtəlif sahələrdə xaricdən gələn insanlar işləyirlər. Deməli, söhbət miqrasiyanı tam dayandırmaqdan getmir, əsas məsələ nə qədər insanın hansı qaydalarla və hansı məqsədlə ölkəyə gəlməsidir. Bu fərq Avropa siyasətində getdikcə daha çox əhəmiyyət qazanır.

Danimarka bu dəyişiklik üçün yaxşı nümunədir. 2026-cı ilin yanvarında bu ölkənin hökuməti ağır cinayətlərə görə məhkum olunan əcnəbilərin deportasiyası qaydalarını sərtləşdirmək və ölkədə qanuni qalmaq hüququ olmayan şəxslərlə bağlı tədbirləri gücləndirmək üçün islahat elan edib. Bu isə maraqlı siyasi vəziyyət yaradır: əgər mərkəz-sol partiyalar da sərhəd nəzarətini və deportasiyanı müdafiə etməyə başlayırsa, radikal sağın “ənənəvi partiyalar miqrasiya problemini həll etmək istəmir” arqumenti əvvəlki qədər güclü görünmür. Başqa sözlə, sağ partiyalar hakimiyyətdə olmasa belə, onların miqrasiya ilə bağlı fikirləri ümumi siyasi gündəliyə təsir göstərir.

Avropa dəyərləri nə deməkdir?

Meloni və Frederiksenin bəyanatında ən çox müzakirə doğura biləcək məsələ yalnız deportasiya deyil, onlar Avropanın dəyərlərindən və xristian mədəni irsindən də danışırlar. Bu isə başqa bir sual yaradır: Avropa dəyərləri dedikdə, nə nəzərdə tutulur? Sualın cavabını yalnız dinə bağlamaq düzgün olmaz, müasir Avropa müxtəlif dinlərin və dünyagörüşlərin yanaşı yaşadıldığı məkandır. Avropa ölkələrində dünyəvilik əsas prinsiplərdən biridir, bununla belə insanların dini inanc azadlığı da qorunur. Avropa kimliyini yalnız etnik mənsubiyyətlə izah etmək də mümkün deyil - “qoca qitə” əsrlər boyu müxtəlif xalqların, mədəniyyətlərin və siyasi ənənələrin qarşılıqlı təsiri nəticəsində formalaşıb. Amma Avropanın xristian tarixinin region üçün böyük rol oynadığı da danılmazdır.

Avropanın memarlığında, incəsənətində, hüquq ənənələrində, siyasi institutlarında və tarixi yaddaşında xristian sivilizasiyasının ciddi izi var. Ancaq müasir Avropanın siyasi sistemi başqa mühüm prinsiplər üzərində də qurulub: qanunun aliliyi, insan hüquqları, vicdan azadlığı, qanun qarşısında bərabərlik, demokratik idarəçilik, dövlət və din münasibətlərində dünyəvilik. Ona görə də Avropa öz tarixi-mədəni irsini qorumaqla yanaşı, başqa dinlərə və mədəniyyətlərə mənsub insanları da cəmiyyətin bir hissəsi kimi qəbul edə bilər. Burada əsas məsələ mədəni irslə ayrı-seçkiliyi bir-birindən ayırmaqdır. Qitəyə gələn insanlardan Avropa qanunlarına hörmət tələb oluna bilər, amma onların öz dinlərindən imtina etməsi tələb olunmamalıdır. İnteqrasiya tələb oluna bilər, lakin hamının eyni mədəniyyətin daşıyıcısına çevrilməsi tələb edilə bilməz. Bu fərq gələcəkdə Avropanın miqrasiya siyasətində əsas məsələlərdən biri olacaq.

Üçüncü ölkələrdə geri qaytarma mərkəzləri

Meloni və Frederiksenin təklif etdiyi digər məsələ üçüncü ölkələrdə geri qaytarma mərkəzlərinin yaradılmasıdır. Bu ideya son illər Avropada daha çox müzakirə olunur. Məqsəd sadədir. Əgər bir şəxsin Avropada qalmaq üçün hüquqi əsası yoxdursa, onun geri qaytarılması üçün işlək mexanizm olmalıdır. Bir ölkə qanun qəbul edib “bu şəxsin burada qalmaq hüququ yoxdur” deyirsə, həmin qərarı həyata keçirə bilməlidir. Əks halda, qanunla praktika arasında böyük fərq yaranar.

Amma geri qaytarma mərkəzləri ilə bağlı çoxlu sual var. Bu mərkəzlər hansı ölkələrdə yaradılacaq? Onlara kim nəzarət edəcək? Orada saxlanan insanlar necə qorunacaq? Şəraitə kim nəzarət edəcək? Üçüncü ölkələr bu məsələni sonradan Avropa ölkələrinə siyasi təzyiq vasitəsinə çevirə bilərmi? Ən əsası isə, bütün bunlar beynəlxalq hüquqa və insan haqlarına necə uyğunlaşdırılacaq? Bu sualların cavabını tapmaq asan deyil.

İtaliyanın Albaniya ilə bağlı təcrübəsi də göstərib ki, miqrasiyanın Avropa ərazisindən kənarda idarə olunması həm siyasi, həm də hüquqi baxımdan çox mürəkkəb məsələdir. Bununla belə, Avropa hökumətləri bu ideyaya maraq göstərir. Səbəbi də aydındır. İnsanların geri qaytarılması ilə bağlı qərarlar qəbul edilir, amma həmin qərarların icrası həmişə mümkün olmur. Bu isə cəmiyyətdə belə bir sual yaradır: əgər dövlət öz qərarını həyata keçirə bilmirsə, onda həmin qərarın mənası nədir? Məhz buna görə geri qaytarma siyasəti Avropada miqrasiya müzakirələrinin ən mühüm mövzularından birinə çevrilib.

Danimarkanın Avropaya verdiyi dərs

Danimarka nümunəsi başqa bir mühüm məsələni də göstərir: sərt miqrasiya siyasəti həmişə radikal sağın siyasəti olmur, sosial-demokrat hökumət də sərhədlərə daha ciddi nəzarət edə bilər. Bu, Avropa siyasətində mühüm dəyişiklik yaradır. Əvvəllər seçici qarşısında əsas sual belə idi: “Miqrasiyanın tərəfdarısınız, yoxsa əleyhinəsiniz?” İndi sual dəyişir: “Miqrasiyanı necə idarə etmək lazımdır?” Bu isə tamam başqa müzakirədir, çünki burada artıq əmək bazarı, mənzil problemi, məktəblər, səhiyyə, sosial təminat, cinayətkarlıq, demoqrafiya və inteqrasiya kimi məsələlər də müzakirəyə qatılır. Mərkəz-sol partiyaların təmsilçiləri üçün əsas çətinlik də buradadır: onlar bir tərəfdən humanitar prinsipləri və insan hüquqlarını qorumaq istəyirlər, digər tərəfdən isə seçicilərin sərhədlərin qorunması və dövlət nəzarəti ilə bağlı narahatlıqlarını nəzərə almalıdırlar. Frederiksenin siyasəti göstərir ki, Avropanın mərkəz-sol partiyalarının bir hissəsi ikinci istiqamətə getdikcə daha çox diqqət ayırır.

Avropada yeni siyasi mərkəz yaranır?

Bütün bunlar Avropada yeni siyasi xəttin yaranması ehtimalını artırır. Bu xətt nə tam sağın, nə də ənənəvi solun mövqeyidir. Onun əsas qayəsi belədir: miqrasiya mümkündür, amma nəzarətsiz miqrasiya ola bilməz. Avropa iqtisadiyyatının xarici işçi qüvvəsinə ehtiyacı var, amma bu proses qanun çərçivəsində aparılmalıdır. Həqiqətən müdafiəyə ehtiyacı olan insanlara sığınacaq verilməlidir, amma ölkəyə qeyri-qanuni yolla girmək avtomatik olaraq Avropada daimi qalmaq hüququ yaratmamalıdır. Miqrantların cəmiyyətə uyğunlaşması təmin edilməli, onların dini və şəxsi həyatına hörmət olunmalıdır.

Avropanın tarixi-mədəni ənənələri qorunmalıdır, lakin bu ənənələr başqa insanları cəmiyyətdən kənarlaşdırmaq üçün istifadə edilməməlidir. Belə yanaşma həm radikal sağdan, həm də tam nəzarətsiz miqrasiya tərəfdarlarından narazı olan seçicilər üçün maraqlı görünə bilər.

Bu insanlar bir tərəfdən millətçi və kəskin ritorikanı qəbul etmirlər, digər tərəfdən isə əvvəlki miqrasiya siyasətinin problemləri həll etməkdə kifayət qədər uğurlu olmadığına inanırlar. Gələcək seçkilərdə məhz bu seçici qrupu mühüm rol oynaya bilər.

Seuta hadisəsi nəyi göstərdi?

Meloni və Frederiksenin bəyanatının vaxtı da diqqət çəkir. Seuta ətrafında baş verən son miqrasiya böhranı Avropada sərhədlərin qorunması, məsuliyyətin bölüşdürülməsi və qanunsuz miqrasiya məsələlərini yenidən gündəmə gətirib. Belə hadisələr Avropa siyasətinə ciddi təsir göstərir, çünki insanlar sərhəd məsələsini artıq yalnız statistika kimi qəbul etmirlər. Bir anda minlərlə insan sərhədə yığılanda məsələ dövlətin öz ərazisinə nəzarət edib-etmədiyi haqda suala çevrilir. Burada əsas məsələ miqrantların sayı da deyil, dövlətin vəziyyətə nəzarət etdiyinə insanların inanıb-inanmamasıdır. Əgər cəmiyyətdə hökumətin sərhədlərə nəzarət edə bilmədiyi təsəvvürü yaranarsa, bu, hökumətə etimadı azalda bilər. Miqrasiya məsələsinin seçkilərdə böyük rol oynamasının səbəblərindən biri də budur.

Mədəni qarşıdurma təhlükəsi

Yeni miqrasiya siyasətinin təhlükəli tərəfi də var. Əgər Avropanın mədəni irsi haqqında danışarkən məsələ həddindən artıq genişləndirilsə, bu anlayış inteqrasiya vasitəsi əvəzinə, qarşıdurma mənbəyinə çevrilə bilər. Avropa qanunlarına hörmət başqa, Avropanın bütün mədəni xüsusiyyətlərini qəbul etmək isə tamam başqa məsələdir. Avropanın özündə belə din, ailə, gender münasibətləri, dünyəvilik və ənənələr barədə fərqli fikirlər dolaşır, yəni vahid “Avropa həyat tərzi” deyə bir davranış norması yoxdur. Amma Avropanın ortaq hüquqi və konstitusion sistemi var. Məhz bu sistem miqrantların cəmiyyətə inteqrasiyası üçün daha sağlam əsas yarada bilər: qanunlara hörmət edin, dili öyrənin, cəmiyyətə qoşulun, demokratik qaydaları və bərabər hüquqları qəbul edin. Amma bunlarla yanaşı başqa bir prinsip də qorunmalıdır: insanın dini və mədəni mənşəyi onun Avropa cəmiyyətinə uyğun olub-olmadığını avtomatik müəyyənləşdirmir. Bu balans qorunmasa, inteqrasiya siyasəti yeni qarşıdurmalara səbəb ola bilər.

Meloni və Frederiksen əslində nə deyirlər?

Roma və Kopenhagendən gələn mesajı “Avropa sağa dönür” kimi sadə şəkildə izah etmək düzgün olmaz. Məsələ daha mürəkkəbdir. Meloni ilə Frederiksen arasında iqtisadiyyat, sosial siyasət və dövlətin rolu ilə bağlı ciddi fikir ayrılığı qalır. Onların siyasi dünyagörüşləri eyni deyil, amma miqrasiya məsələsi artıq yalnız bir siyasi düşərgənin mövzusu olmaqdan çıxır. Mərkəz-sol partiyalar sərhəd nəzarəti, deportasiya və inteqrasiya məsələlərində daha sərt mövqe tutmağa başlayır. Mərkəz-sağ və mühafizəkar partiyalar isə miqrasiyanı milli təhlükəsizlik və Avropanın gələcəyi ilə bağlı daha geniş siyasətin bir hissəsi kimi təqdim edir.

Seçicilər də hökumətləri artıq yalnız verdikləri vədlərə görə qiymətləndirmirlər. Onlar nəticəyə baxırlar: sərhədə nəzarət edə bilirsinizmi? Qanunu tətbiq edə bilirsinizmi? Ölkədə qalmaq hüququ olmayan şəxsləri geri qaytara bilirsinizmi? Həm təhlükəsizliyi, həm də insan hüquqlarını qoruya bilirsinizmi? Avropa siyasətində əsas suallar getdikcə bu ətrafda fırlanır. Artıq “İmmiqrasiyanın tərəfdarısınız, yoxsa əleyhinəsiniz?” sualı əvvəlki qədər əhəmiyyətli görünmür. Daha vacib sual budur: Avropa hansı miqrasiyanı qəbul edə bilər, bunu hansı qaydalarla idarə edə bilər və ölkəyə gələn insanlardan nə gözləyir?

Avropanın siyasi mərkəzi dəyişir

Meloni və Frederiksenin əməkdaşlığına bu böyük dəyişiklik kontekstində baxmaq lazımdır.

Bir tərəfdə Avropanın mühafizəkar sağından gələn italyan lider, digər tərəfdə isə sosial-demokrat Danimarka hökumətinin rəhbəri var. Onlar fərqli siyasi düşərgələrə mənsubdurlar, amma miqrasiya məsələsində ortaq mövqe tapa bilirlər. Bu, Avropada siyasi sərhədlərin dəyişdiyini göstərir. Avropa hökumətləri getdikcə belə bir nəticəyə gəlir ki, işlək miqrasiya sistemi üçün bir neçə məsələ eyni vaxtda təmin edilməlidir: ehtiyac olanda insanlara yardım göstərilməlidir, həqiqi qaçqınlar müdafiə olunmalıdır, sərhədlər qorunmalıdır, qanunlar işləməlidir, miqrantların cəmiyyətə inteqrasiyası təmin edilməlidir, dövlət öz qərarlarını həyata keçirə bilməlidir. Əsas məsələ bütün bunlar arasında düzgün tarazlıq yaratmaqdır. Əgər Avropa bu tarazlığı qura bilsə, qarşıdakı illərdə yeni miqrasiya modeli ortaya çıxa bilər. Bu model nə tam açıq və nəzarətsiz miqrasiyaya, nə də bütün miqrantları kənarda qoyan sərt millətçiliyə əsaslanacaq; daha çox qaydaları dəqiq müəyyən edilmiş, sərhədləri qorunan, qanuni miqrasiyaya imkan verən və inteqrasiyanı tələb edən sistem formalaşa bilər.

Əgər Avropa bu məsələdə uğur qazana bilməsə, miqrasiya qitədə siyasi qarşıdurmanı daha da gücləndirə bilər. Ona görə də Meloni və Frederiksenin yaxınlaşmasının əsas əhəmiyyəti iki fərqli siyasi düşərgədən olan siyasətçinin bir məsələdə razılaşmasından ibarət deyil. Əsas məsələ daha böyükdür. Avropada sol və sağ arasında miqrasiya məsələsində əvvəlki sərhədlər artıq aydın görünmür. Avropanın siyasi mərkəzi dəyişir.

Miqrasiya məsələsində yeni bir orta yol formalaşır. Bu yolun əsas sözü isə nəzarətdir. Avropa bundan sonra miqrasiyaya yalnız “qəbul etmək və ya etməmək” prizmasından baxmayacaq. Əsas müzakirə belə olacaq: kim gəlir? Niyə gəlir? Hansı qaydalarla gəlir? Cəmiyyətə necə uyğunlaşır? Ölkədə qalmaq hüququ yoxdursa, necə geri qaytarılır? Bu suallara veriləcək cavablar Avropa siyasətinin növbəti mərhələsini müəyyənləşdirə bilər. Avropada miqrasiya məsələsi artıq sadəcə sağa doğru yox, yeni siyasi mərkəzə doğru hərəkət edir. Və həmin yeni mərkəzin əsas şərti nəzarətdir.

Kəramət Qənbərov,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının müəllimi, beynəlxalq hüquq üzrə ekspert və beynəlxalq münasibətlər üzrə tədqiqatçı

Paylaş:
Baxılıb: 72 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

CNN cavab verəcək!

20 Avqust 11:38

Gündəm

İqtisadiyyat

Mədəniyyət

Əfsanəvi maestro

20 Avqust 09:05

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

Ötən 7 ayda...

19 Avqust 11:05

Analitik

3 aydan sonra...

19 Avqust 10:45

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31