Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / BCM-nin nüfuzuna zərbə vuran “prokuror”...

BCM-nin nüfuzuna zərbə vuran “prokuror”...

20.08.2026 [09:35]

Okamponun ifşası davam edir

BMT-nin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) məsul əməkdaşı vəzifəsinə yüksəlmək böyük şərəf olduğu kimi, həm də böyük məsuliyyət deməkdir. Fəqət qurumun beynəlxalq hüquq üzrə ixtisaslaşan bütün əməkdaşları bu məsuliyyət yükünü daşıya bilirlərmi və yaxud  daşımaq istəyirlərmi? Təəssüf ki,  BCM-nin sabiq prokuroru Luis Okamponun artıq bütün dünyaya bəlli olan qərəzli fəaliyyətinə, qurumun nüfuzunu özünə qalxan edərək törətdiyi hüquqazidd əməllərinə istinad etməklə suala “yox” cavabı vermək məcburiyyətində qalırıq.

Artıq Luis Okamponun, necə deyərlər, hansı yuvanın quşu olduğu barədə beynəlxalq ictimaiyyətdə kifayət qədər əhatəli məlumat var. Sən demə, vəzifəsi cinayətləri araşdırmaq və onlara hüquqi qiymət vermək olan bu şəxs əslində BCM-nin nüfuzundan istifadə etməklə özünün müxtəlif coğrafiyaları əhatə edən cinayətkarlıq, rüşvətxorluq piramidasını qurubmuş və vəzifəsindən gedəndən sonra da okampoluğunda qalaraq bəd əməllərindən çəkinmir. Təkcə son vaxtlarda keçmiş prokurorun hüquqa tüpürməklə həyata keçirdiyi qərəzli fəaliyyətlə bağlı çoxlu yeni faktlar aşkarlanıb. Həmçinin transmilli media onun ifşasını davam etdirir. Bir qədər bundan əvvəl Luis Okampo barədə yayılan videomateriallardan, özünün etiraflarından sonra keçmiş prokurorun ikrah doğuran əməllərinə “Liberium” portalında dərc olunan məqalədə işıq salınıb.

Okampo kimi prokurorların uğursuz fəaliyyəti və BCM-nin nüfuzunu itirməsi

Portalda dərc olunan məqalədə Okampo kimi prokurorların uğursuz fəaliyyətlərinin fonunda BCM-nin nüfuzunu itirməsinə diqqət çəkilir. Müəllifin bunu məqsədli şəkildə etdiyi ortadadır. Oxucu bir tərəfdən beynəlxalq hüququn iflasa uğradığının şahidi olur, digər tərəfdən isə mənəviyyatsız, korrupsiyaya bulaşmış Okamponu daha yaxından tanıyır. Məqalədə vurğulanır ki, BMT-nin Beynəlxalq Cinayət Məhkəməsi 24 illik tarixinin ən çətin dövrlərindən birini yaşayır. Buna səbəb Dövlət katibi Marko Rubionun iyulun 13-də məhkəməni ABŞ vətəndaşlarına qarşı hüquqi müharibə aparmaqda ittiham etməsi və Vaşinqtonun zərurət yaranacağı təqdirdə “BCM-i kərpic-kərpic sökəcəyini” bəyan etməsidir.

Bununla əlaqədar olaraq, məqalədə BCM-nin sabiq prokuroru Luis Okamponun fəaliyyətinə xüsusi diqqət yetirilir. Zamanında qərəzsiz ədalət mühakiməsini təmin etmək vədi əsasında yaradılmış bir qurum hazırda bu missiyanı yerinə yetirməkdə aciz durumda qalıb. “Bu fonda, məhkəmənin vaxtilə baş prokuroru olmuş Luis Moreno Okamponun işi indiyədək ona yetiriləndən daha çox diqqətə layiqdir. Söhbət BCM-nin tənqidindən deyil, zəifləmiş bir qurumun səlahiyyətləri şəxsi istifadə üçün əlçatan olduqda nələrin baş verdiyinə dair xəbərdarlıqdan gedir”, - deyə müəllif vurğulayıb.

Bəli, BCM-dəki bəlli şəbəkə qurumu çətin duruma salıb.  Okampo kimi prokurorların korporativ maraqlara əsaslanan fəaliyyəti dünyada hansısa kiçik dövlətlə bağlı olduqda, böyük səs-küy yaratmadan vəziyyəti pərdələmək mümkün olurdu. İndi isə BCM dünyanın bir nömrəli güc mərkəzi sayılan ABŞ-la üz-üzədir. Necə deyərlər, bu dəfə daş qayaya rast gəlib. ABŞ supergüc dövlətdir. Luis Okampo kimi prokurorlar vəzifələrini tərk etsələr də, cavab vermək məsuliyyəti BCM-nin üzərindədir. Unutmaq olmaz ki, D.Tramp da məsələlərin kökünü araşdıran və radikal qərarlar verməkdən çəkinməyən liderdir.

BCM-nin prokuroru, yoxsa beynəlxalq səviyyəli dələduz?

Okamponu necə təqdim etmək daha doğru olardı? O, rəsmən 2003-2012-ci illərdə BCM-də Prokurorluq Ofisinə rəhbərlik edib. Lakin ştatda vəzifə tutmaqla, iş fəaliyyəti, törətdiyi əməllər arasında fərq var. Prinsipcə, məmur tutduğu postun nüfuzunu qoruyub artırmalıdır. Okampo bunu edə bilməyib. Onun bu vəzifədə fəaliyyəti əsasən uğursuz işlərlə yadda qalıb, aparılan yoxlamalar isə prokuror fəaliyyətində çatışmazlıqları üzə çıxarıb.

Okampo yalnız tutduğu vəzifəyə adekvat olmayan fəaliyyəti ilə diqqət mərkəzinə gəlməyib. O həm də beynəlxalq səviyyəli dələduz, ofşorlarda hüquq müdafiəçisi adı ilə bir araya sığmayan çalışmaları ilə tanınır. İndiyədək xarici nəşrlərdə, zaman-zaman dərc olunan məqalələrdə Luis Moreno Okampo heç də yaxşı tərəfdən təqdim olunmur. Məsələn, onun səlahiyyətlərindən sui-istifadə etməklə ofşorlarda çoxsaylı şirkətlərin idarəçiliyini həyata keçirdiyi və vergi maxinasiyalarına yol verdiyi bildirilir. Panama, Beliz və Britaniyanın Virciniya adaları nahaq yerə “vergi cənnəti” adlandırılmır. Bəhs olunan yerlər işbazlar üçün gizli sövdələşmələr aparmaq,  maliyyə əməliyyatlarını gizlətmək və vergilərdən yayınmaq üçün dünyanın heç bir yerində rast gəlinməyəcək məkanlardır. Okampo ailəsinin öz şirkətlərini bu yerlərdə qurması və onlara distant idarəçiliyi həyata keçirmələri də səbəbsiz deyil. Okampo özü bəhs olunan məkanların qayda-qanunlarına yaxşı bələddir. Axı o, bir vaxtlar “Transparency International” təşkilatının Latın Amerikası və Karib hövzəsi üzrə prezidenti vəzifəsində çalışıb. Təşkilat uzun müddətdir ki, vergi cənnətlərində maliyyə sirri ilə “mübarizədə” fəaldır. Məlum məkanlarla uzun illəri əhatə edən tanışlıq, burada qurulan əlaqələr Okamponu sehirli bir qüvvə kimi həmin yerlərdə şəxsi biznes qurmağa sövq edib.

Materialda həm də Okamponun vəzifədən getdikdən sonrakı maliyyə fəaliyyəti xatırladılır. Xüsusilə, “European Investigative Collaborations” və “Der Spiegel”in araşdırmasının nəticələri qeyd olunur; bu araşdırmalar müəyyən edib ki, o, baş prokuror kimi çalışdığı dövrdə və BCM-dən getdikdən sonra Panamada və Britaniyanın Vircin adalarında qeydiyyatdan keçmiş ofşor strukturları idarə edib. Bundan əlavə, vəzifədən getdikdən qısa müddət sonra İsveçrə hesabları vasitəsilə ona on minlərlə dollar köçürülüb.

Daha sonra Okampo, məhkəməsiz edamlarda ittiham olunan general Xəlifə Haftarın silahlı birləşmələrini maliyyələşdirən Liviya neft maqnatı Həsən Tatanki ilə məsləhət müqaviləsi bağlayıb, hansı ki, 3 milyon dollar və hər iş günü üçün əlavə 5 min dollar dəyərində qiymətləndirilirdi.

Məqalədə deyilir: “Bu razılaşma haqqında suallara cavab verən Okampo, Haaqadakı maaşının kifayət etmədiyini bildirmişdi”.

Azərbaycana qarşı ardı-arası kəsilməyən sifarişli şantajlar

Məqalədə ABŞ Xarici Siyasət Şurasının nümayəndəsi İlan Bermanın “Newsweek”də dərc olunan son yazısına istinad edilir. Orada o qeyd edib ki, Okampo vəzifədə olduğu müddətdə tənqidlərə məruz qalıb və BCM-dən getdikdən sonra da mübahisələr yaratmağa davam edib. Həmçinin, nümunə kimi onun Ermənistan və Azərbaycan arasındakı münaqişəyə mübahisəli müdaxiləsi göstərilirdi.

Müəllif qeyd edib ki, Okampo məhz BCM-nin keçmiş baş prokurorunun öz peşəkar əlaqələrindən və nüfuzundan kommersiya məqsədilə istifadə etməsi ilə bağlı bu tarixçənin fonunda sonradan Qarabağ prosesinə cəlb olunub.

Materialda bildirilib ki, bu hekayə 2023-cü ilin avqustunda, Okamponun Azərbaycanın Qarabağ regionundakı erməni separatçı qüvvələrinin nümayəndələrindən və Ermənistanla əlaqəli digər şəxslərdən tapşırıq alması, daha sonra isə Azərbaycana qarşı ittihamlarla çıxış etməsi ilə başlayıb.

Luis Okamponun zamanında Ermənistan-Azərbaycan münaqişəsinin ən müxtəlif məsələlərinə qarışmaq cəhdlərinin sayı-hesabı yoxdur. O bir vaxtlar İrəvanı su yoluna döndərmişdi. Burada Serjik Sarkisyandan və digərlərindən, yəni özünün təbirincə desək, birbaşa mənbələrdən məlumatlar almaqla onları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa böyük səy göstərirdi. Əlbəttə ki, o, bu kampaniyanı apararkən Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyinə məhəl qoymamaq yolu tuturdu. Məlum 23 saatlıq antiterror əməliyyatından sonra Okamponun, necə deyərlər, çılğınlığı pik həddə çatmışdı. Sanki qəzəb onun başına işləyərək hüquq müdafiəçisini tamam özündən çıxarmışdı. İndi o keçmiş separatçı rejimin saxlanılaraq Bakıya gətirilən və burada istintaq altına alınan rəhbərlərinin təəssübkeşi rolunda çıxış edirdi.  Bədnam hüquq müdafiəçisi hüququ unudaraq əli çatan hər yerdə ermənilərin Qarabağdan könüllü köçünü “soyqırımı” adlandırır, separatçı rejimin saxlanılan rəhbərlərini isə “siyasi məhbus” kimi təqdim edirdi.

Okamponun özü sonradan sosial şəbəkələrdə etiraf edib ki, onun hazırladığı rəy Qarabağda hazırda ləğv edilmiş separatçı rejimin qondarma prezidenti tərəfindən sifariş edilib. Müəllif xatırladıb ki, bu qurum 1990-cı illərdə Ermənistanın dəstəyi ilə Azərbaycan ərazisində yaradılıb.

Bundan sonra Okampo Azərbaycanı regionun erməni əhalisinə qarşı ciddi pozuntular törətməkdə ittiham edib, o cümlədən yuxarıda vurğuladığımız kimi, “soyqırımı” ifadəsindən istifadə edib.

“Bu, yeganə bəyanat deyildi”, - müəllif qeyd edib.

Məqalədə göstərilib ki, sonrakı aylarda Okampo öz müsahibələrində, müəllif məqalələrində və ictimai çıxışlarında Bakının ünvanına analoji ittihamları dəfələrlə təkrarlayaraq, faktiki olaraq Azərbaycana qarşı davamlı ittiham kampaniyası aparıb.

Materialda 30 aprel 2026-cı ildə Azərbaycanın “Minval.az” portalı tərəfindən Okamponun iştirak etdiyi videogörüntülərin yayımlanmasından sonra onunla bağlı hekayənin yeni bir məcraya yönəldiyinə diqqət çəkilib. Bu videoyazılarda Okampo bildirib ki, Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin sabiq rəhbəri Jozep Borrelin keçmiş köməkçisi indi Avropa Parlamentində “mənim üçün işləyir”. Okamponun sözlərinə görə, bu şəxs Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenə təzyiq göstərməklə, eləcə də Aİ ilə Azərbaycan arasındakı enerji tərəfdaşlığının ləğvinə nail olmaq məqsədilə Avropa İttifaqı Məhkəməsində işin irəli sürülməsi ilə məşğuldur.

Bundan əlavə, onlarda Okamponun oğlu Tomasın bu şəbəkənin məqsədinin Ermənistanın Baş naziri Nikol Paşinyanın hakimiyyətdən kənarlaşdırılması olduğu barədə sözləri yer alır. Onun sözlərinə görə, bu, ABŞ-da Paşinyanın Azərbaycana münasibətdə sülh siyasətinə qarşı çıxan erməni lobbi təşkilatları ilə koordinasiyalı şəkildə həyata keçirilməlidir.

Bununla yanaşı, məqalədə qeyd olunub ki, məhkəmənin keçmiş əməkdaşlarının, o cümlədən Okamponun peşəkar və siyasi dəyərini məhz BCM-nin nüfuzu müəyyən edir. Müəllif hesab edir ki, bu nüfuzun zəifləməsi ondan şəxsi maraqlar naminə istifadə olunması üçün imkanlar yaradır.

Yekun hissədə müəllif BCM-ə səlahiyyət müddəti başa çatdıqdan sonra keçmiş prokuror və hakimlərin fəaliyyətini tənzimləyən əlavə qaydaları nəzərdən keçirməyi təklif edir ki, məhkəmədəki fəaliyyət nəticəsində qazanılmış nüfuzdan sonradan kommersiya və ya siyasi məqsədlər üçün istifadə oluna bilməsin.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 130 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

CNN cavab verəcək!

20 Avqust 11:38

Gündəm

İqtisadiyyat

Mədəniyyət

Əfsanəvi maestro

20 Avqust 09:05

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

Ötən 7 ayda...

19 Avqust 11:05

Analitik

3 aydan sonra...

19 Avqust 10:45

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31