Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qazanılan uğurlar insan kapitalının düzgün və səmərəli istifadəsinin bəhrəsidir

Qazanılan uğurlar insan kapitalının düzgün və səmərəli istifadəsinin bəhrəsidir

12.06.2014 [09:34]

Prezident İlham Əliyev: İnformasiya cəmiyyətinin formalaşması, biliklərə əsaslanan iqtisadiyyatın bərqərar olması, sənayenin kreativ sahələrinin inkişafı və digər amillər yeni ideyalar və yanaşmalar tələb etməklə gənclərin yaradıcılıq potensialının aşkarlanmasına güclü təkan verir
Azərbaycan dinamik iqtisadi inkişaf tempinə və möhkəm ictimai-siyasi sabitliyə malik olan modern dövlətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin fonunda milli inkişafın Azərbaycan modelinin formalaşdırılması və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti, hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması və digər bu kimi tədbirlər Azərbaycanın sürətli inkişafını təmin etməklə yanaşı, perspektiv tərəqqinin əsaslarını formalaşdırır. Şübhəsiz, bütün bunlar ölkəmizdə həyata keçirilən mütərəqqi gənclər siyasətinin də səmərəliliyini artırır. Bu isə Azərbaycanın milli gücünün daha da artmasını şərtləndirən mühüm faktor kimi dəyərləndirilə bilər.
Ümumiyyətlə, hər bir dövlətin milli inkişaf strategiyasının mühüm istiqamətlərindən birini də uğurlu gənclər siyasəti təşkil edir. Gənclər siyasətinin mahiyyətindən bəhs edərkən ümumi olaraq qəbul edilən tərif budur ki, bu siyasət gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemidir. Dövlətin gənclər siyasəti strateji səciyyə daşıyır və bu siyasətin fonunda gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına kömək etmək gənclər siyasəti sahəsində qanunvericilik aktlarının, Dövlət proqramlarının hazırlanması və həyata keçirilməsinə nail olmaq xüsusi strateji məqsədlər hesab edilir. Azərbaycanda Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı inkişaf edən ölkəmizdə gənclərimizin rolunu dəfələrlə vurğulayıb, onların inkişafını təmin etmək məqsədilə müvafiq işlərin görüldüyünü bildirib. Mayın 27-də Bakı şəhərində keçirilən Gənc alimlərin Ümumdünya Bakı Forumunun iştirakçılarına ünvanladığı təbrik məktubunda Prezident İlham Əliyev bu amilin əhəmiyyətini bir daha qeyd edib: “İnformasiya cəmiyyətinin formalaşması, biliklərə əsaslanan iqtisadiyyatın bərqərar olması, sənayenin kreativ sahələrinin inkişafı və digər amillər yeni ideyalar və yanaşmalar tələb etməklə gənclərin yaradıcılıq potensialının aşkarlanmasına güclü təkan verir”.
Qeyd edək ki, Azərbaycanda gənc nəslin inkişafı ilə bağlı xüsusi Dövlət proqramları həyata keçirilməkdədir. Prezident İlham Əliyevin 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncamdan irəli gələrək gənclərin inkişafı istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib və mühüm nəticələr əldə olunub. Bununla yanaşı, dövlətimizin başçısının Sərəncamı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbul edilməsi müasir Azərbaycan gənclərinin dövrün tələbləri səviyyəsində hərtərəfli inkişafına möhkəm zəmin yaradıb. Həmçinin, Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında gənclərin potensialının yüksəldilməsi ayrıca nəzərdə tutulub. Təsadüfi deyil ki, gənclər konsepsiyanın hazırlanması prosesinə aktiv cəlb olunub, onların fikir və təklifləri yeni konsepsiyada nəzərə alınıb.
Proqrama uyğun olaraq Gənclər Fondunun yaradılması, gənclərin və gənclər təşkilatlarının bacarıq, təşəbbüs və yaradıcılıqlarının üzə çıxarılması və onların hökumət tərəfindən dəstəklənməsi, gənclər üçün Prezident Mükafatının təsis olunması, ölkə gənclərinin beynəlxalq arenada təmsilçiliyinin yüksəlməsi, respublikanın əksər rayon və şəhərlərində gənclərin istifadəsinə verilən gənclər mərkəzlərinin və gənclər evlərinin tikilməsi uğur və tərəqqinin bariz göstəriciləridir. Azərbaycanda gənclərə dövlət qayğısının ən önəmli addımlarından biri də ölkə gənclərinə hökumət vəsaiti ilə xarici ölkələrdə nüfuzlu ali məktəblərdə oxumaq imkan və şəraitinin yaradılmasıdır ki, bu gün bundan 10 minə yaxın gənc faydalanır. Eyni zamanda, Azərbaycan gənclərinin xaricdə təhsil üzrə Dövlət proqramı icra olunur ki, bu proqram ümumilikdə 5 min gənci əhatə edəcək. Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycan indi dünyanın yüksək templə irəliləyən ölkələrindən biridir. Qazandığımız uğurlar, ilk növbədə, insan kapitalının düzgün və səmərəli istifadəsinin bəhrəsidir. Gənclərə ünvanlanmış bir çox proqramlar, o cümlədən, xaricdə təhsil proqramı onların elmə cəlb olunması üçün lazımi şəraiti təmin etmişdir”.
Onu da bildirək ki, hazırda dövlət qulluğuna qəbulda da gənclərə daha çox imkanlar yaradılıb. Bu mühüm nailiyyətləri nəzərə alaraq, söyləyə bilərik ki, Azərbaycanda dövlət gənclər siyasətinin yeni mərhələsi başlanıb. Bütün bunlar isə göstərir ki, dövlət başçısının “Biz neft kapitalını insan kapitalına çevirməliyik” fikrinin kökündə məhz bu məqsəd - gənclərin yüksək biliklərə sahib olması, intellektual potensialın əhəmiyyətli dərəcədə güclənməsi dayanır. Təbii ki, bu intellektual potensialdan ölkəmizin hərtərəfli inkişafında səmərəli istifadə olunması başlıca hədəflərdən biridir ki, bu proses həyata keçirilməkdədir.
Digər bir istiqamət isə Azərbaycanda qeyri-hökumət gənclər təşkilatları vasitəsilə həyata keçirilən gənclər işidir ki, bu sahədə də 100-dən artıq qurum aktiv şəkildə öz fəaliyyətini davam etdirir. Bu gün Azərbaycan gənclər təşkilatları yalnız yerli və məhdud səviyyədə deyil, regional və beynəlxalq arenada mühüm layihələr reallaşdırır, ölkəmizin gənclər siyasətini layiqincə tanıdır. Beləliklə, ölkə Prezidenti tərəfindən son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin reallaşdırılmasında mühüm rol oynayırlar. Cənab Prezident tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında onların yaxından iştirakını təmin etməkdədir.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 853 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31