Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Laçın yolunda gərginliyin olmaması üçün...

Laçın yolunda gərginliyin olmaması üçün...

28.02.2023 [10:19]

Şərti sərhəddə keçid məntəqələri qurulmalıdır!

Laçın yolu ətrafında yaratmağa çalışdığı süni ajiotaj rəsmi İrəvanın manipulyasiya cəhdlərindən biridir

10 noyabr üçtərəfli Bəyanatı ilə başa çatan II Qarabağ müharibəsi regionda yeni siyasi reallıqlar yaratmaqla yanaşı, tarixi ədalətin də bərpa olunmasını təmin etdi. Müharibənin sona çatması 30 ildən artıq açıq qalmış bəzi suallara da cavab tapılmasını aktuallışdırır. Məsələn, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyasını təmin etmiş olacaq ki, bu da olduqca əhəmiyyətlidir. Amma Ermənistanın qeyri-konstruktiv mövqeyi, siyasi manipulyasiyalara əl atması sülh danışıqlarının effektiv şəkildə nəticələnməsinə imkan vermir.

Azərbaycanın mövqeyi beynəlxalq konvensiyalara əsaslanır

Bir neçə gün öncə jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da bildirib ki, Ermənistana danışıqlar təklif olunan zaman onlar konstruktiv danışıqlardan əsassız şəkildə yayınır. Nazir hesab edir ki, Ermənistan sülh prosesi üzrə danışıqların mahiyyətinə də ciddi zərbə vurur: “Artıq biz demək olarsa, bu sahədə onlayn diplomatiyaya keçmişik. Şərtlər bir-birimizə ötürülür. Bunun nə qədər effektiv olacağını zaman göstərəcək”. C.Bayramov əlavə edib ki, Azərbaycan konstruktiv tərəf olaraq bu istiqamətdən də imtina etmir.

Qeyd edildiyi kimi, Azərbaycan müharibədə qalib tərəf olsa da, hər zaman beynəlxalq hüququn prinsiplərinə riayət edib - ölkəmiz humanist davranışları ilə seçilib və prosesin beynəlxalq konvensiyaların tələbləri çərçivəsində inkişafını dəstəkləyib.  Əslində Azərbaycanın təhlükəsizliyin və dayanıqlı sülhün əldə olunması üçün irəli sürdüyü şərtlərə nəzər saldıqda, ədalətli mənzərə bir daha aydın olur. Xatırladaq ki, ölkəmiz tərəfindən danışıqlar prosesinin inkişaf etdirilməsi üçün irəli sürülən 5 təməl prinsip imzalanacaq sülhün əsas tezisi kimi çıxış edir - buraya dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması kimi mühüm faktorlar daxildir. Bundan başqa, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək kimi mütərəqqi məqamlar bu tezislərdə yer alır. Eyni zamanda, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması da ikitərəfli münasibətlərin normallaşması üçün nəzərdə tutulan baza prinsipləri arasında yer alır. Bu məsələlər isə həm BMT-nin təməl prinsiplərinə, həm də digər beynəlxalq qanunvericiliyə əsaslanır.

Laçın yolundan qanunsuz istifadə yolverilməzdir...

Təəssüf ki, Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü humanist şərtlərə əməl etməkdən boyun qaçırır və beləliklə də, regionda sülhün, təhlükəsizliyin təmin olunmasına mane olur. Eyni zamanda, Laçın yolundan istifadə zamanı qeyri-qanuni hallara, sui-istifadələrə yol verilir ki, bunun da qarşısı alınmalıdır. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da bildirib ki, rəsmi İrəvan Azərbaycan-Ermənistan şərti sərhədində nəzarət-buraxılış məntəqələrinin qurulması ilə bağlı təklifi məqbul hesab etməyib. Onun sözlərinə görə, Ermənistan danışıqlardan yayınır və verilən təklifə heç bir izah vermədən imtina edir: “Son iki ildə Laçın yolu ətrafında çox böyük qanun pozuntusu halları baş verib. Yoldan qanunsuz istifadələr var idi. Bununla bağlı dəfələrlə beynəlxalq təşkilatlara məlumat verilib, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri üçün brifinqlər keçirilib. Burada müxtəlif istiqamətlər üzrə yüzlərlə fakt var idi. Təbii ki, bu da Azərbaycan cəmiyyətinin haqlı narazılığına səbəb olmuşdu. Eyni zamanda, dekabrda başlamış etirazların səbəbi də məhz Laçın yolundan qanunsuz məqsədlərlə istifadə ilə bağlı idi”.

Artıq iki ildən çoxdur üçtərəfli razılaşmaya əsasən erməni silahlı birləşmələri Azərbaycan torpaqlarını tərk etməyiblər. Bu azmış kimi, erməni silahlıları Azərbaycana qarşı yeni təxribatlar həyata keçirir. Ötən dövr ərzində artıq bir neçə dəfə bu kimi genişmiqyaslı təxribatın qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən alınıb. Digər tərəfdən, Laçın yolu vasitəsilə Ermənistan ərazisindən silah-sursat, texnikalar daşınır. Bu faktı Azərbaycanın təhlükəsizlik orqanlarının rəsmiləri də dilə gətirib. Buna ən bariz sübut isə 10 noyabr anlaşmasının imzalanmasından sonra Azərbaycan ərazisində 2700-dən çox Ermənistanda istehsal olunmuş minanın aşkarlanmasıdır. Həmin minaların istehsal tarixi 2021-ci il göstərildiyindən bu hərbi sursatın məhz Laçın yolu ilə daşındığına şübhə yeri qalmır. Beləliklə, Ermənistanın alt-niyyəti ortaya çıxır. Yəni, Laçın yolunu özü üçün təxribat vasitəsinə çevirmək istəyən Ermənistan bunun üçün də Azərbaycanın irəli sürdüyü təkliflərdən boyun qaçırır.

Həll yolunu təklif edirik...

Ölkəmizin irəli sürdüyü təkliflər isə məsələnin həllini özündə əks etdirir. Ceyhun Bayramov jurnalistlərə açıqlamasında onu da vurğulayıb ki, məsələnin həlli üçün bəlli çağırışlar var: “Həll yollarından biri kimi Prezident Münhen Təhlükəsizlik Konfransında Ermənistanın baş naziri ilə görüşdə, daha sonra panel müzakirəsi zamanı Ermənistan-Azərbaycan şərti sərhədində sərhəd-buraxılış keçid məntəqələrinin qurulmasını təklif etmişdi. Bu, yolda şəffaflığı təmin edə bilər. Çünki hər kəs bilir ki, üçtərəfli Bəyanatda nə yazılıb, tərəflərin öhdəliyi nədən ibarətdir. Ancaq şəffaflığın olmaması ciddi problem və suallar yaradır. Bu təklif işçi qaydada müzakirə ediləndə də beynəlxalq tərəfdaşlardan təklifin sağlam olduğunu eşidirik. Lakin Ermənistanın xarici işlər naziri bu təklifə istinad edərək heç bir izah vermədən ölkəsi üçün məqbul olmadığını açıqladı. Hesab edirik ki, bu açıqlama Ermənistanın üçtərəfli Bəyanatla bağlı öhdəliyini yerinə yetirməkdə maraqlı olmadığı mənasına gəlir. Laçın yolunda hansısa gərginliyin olmaması üçün verilən təklifdən imtina edir. Ermənistan manipulyasiyalarla məşğul olmaq, beynəlxalq aləmdə çaşdırıcı məlumatların verilməsi ilə yanlış təsəvvür yaratmaq və lazımsız gərginlik yaratmaqda maraqlıdır”.

Qeyd edək ki, Ermənistan-Azərbaycan şərti sərhədində sərhəd-buraxılış keçid məntəqələrinin qurulması təklifi olduqca məqbul bir məsələdir. Bu həm də qarşıdakı müddətdə sülh müqaviləsinin hazırlanması üçün də stimul rolunu oynaya bilər. Ermənistanın bu məsələdən boyun qaçırması isə qarşı tərəfin yenidən destruktiv mövqeyindən irəli gəlir. Beləliklə, rəsmi İrəvan danışıqların dalana dirənməsində maraqlı olduğunu ortaya qoyur.

Təbii ki, Azərbaycan da öz mövqeyində qətidir - rəsmi delimitasiya və demarkasiya prosesi aparılmalı, sərhədlər müəyyənləşməlidir. Eyni zamanda, Naxçıvanla Azərbaycanın əsas hissəsi arasındakı quru yolu təmin edilməlidir - kommunikasiyalar blokadadan çıxarılmalıdır. Ermənistanın 10 noyabr Bəyanatına birtərəfli yanaşması qəbul oluna bilməz və bu, beynəlxalq qanunlarla ziddiyyət təşkil edir. Başqa sözlə, Ermənistanın Laçın yolu ətrafında yaratmağa çalışdığı süni ajiotaj rəsmi İrəvanın manipulyasiya cəhdlərindən biridir...

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 467 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31