“Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu”
15.06.2026 [21:46]
Şuşada Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib
İyunun 15-də - Milli Qurtuluş Günündə Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Şuşa şəhərində “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans keçirilib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, tədbirdə iştirak edən dost ölkələrin müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin konfrans iştirakçılarına müraciətini səsləndirib.
“Sülh quruculuğu mexanizmləri: qlobal çağırışlar fonunda partiya diplomatiyası” mövzusunda birinci panel sessiyada çıxış edən moderator, Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov konfrans iştirakçılarını Azərbaycan xalqının çoxəsrlik tarixinin, zəngin mədəniyyətinin və mənəvi dəyərlərinin canlı təcəssümü olan və şanlı Zəfərimizin rəmzinə çevrilən qədim Şuşa şəhərində salamlayıb, dəvəti qəbul edərək tədbirdə iştirak etdikləri üçün minnətdarlığını bildirib.
YAP Sədrinin müavini qeyd edib ki, 15 iyun Azərbaycan xalqı və dövləti üçün olduqca böyük əhəmiyyətə malik iki mühüm hadisə ilə əlamətdardır: “Bundan 33 il əvvəl – 1993-cü ilin iyunun 15-də xalqımızın Ümummilli Lideri, müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmiş və həmin gün tariximizə Milli Qurtuluş Günü kimi əbədi həkk olunmuşdur. Bu, Azərbaycan dövlətçiliyinin xilası, real müstəqilliyin təmini və qorunub saxlanılması baxımından taleyüklü dönüş nöqtəsi olmuşdur. Vaxtilə dünyanın aparıcı geosiyasi güc mərkəzlərindən biri olan SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa etmiş Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərində digər bir sıra postsovet ölkələri kimi ağır sınaqlarla üzləşmişdi. Daxili siyasi böhranın və iqtisadi tənəzzülün dərinləşməsi, qarşıdurmaların və separatizm meyillərinin güclənməsi, xarici təhdidlərin artması fonunda Ermənistanın hərbi təcavüzü Azərbaycanın parçalanması, hətta dünya xəritəsindən silinməsi təhlükəsini meydana çıxarmışdı. Belə bir mürəkkəb şəraitdə Heydər Əliyev xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtmış və Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarmışdır”.
Tahir Budaqov vurğulayıb ki, 15 iyun tarixi həm də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlamətdardır: “5 il əvvəl – 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın təşviqinə xidmət edən və gələcəyə konseptual-strateji baxışı ortaya qoyan bir sənəddir. Bəyannamənin imzalanması ilə keyfiyyətcə yeni mərhələyə yüksələn Azərbaycan-Türkiyə münasibətləri bu gün regional təhlükəsizlik arxitekturasının ən önəmli sütunlarından biri kimi çıxış edir. Bu gün iftixarla söyləyirik ki, Heydər Əliyevin “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan Şuşa Bəyannaməsi Ümummili Liderimizin əbədiyaşar ideyalarını özündə əks etdirən Milli Qurtuluş məfkurəsinin müasir geosiyasi şəraitdə məntiqi davamıdır”.
YAP Sədrinin müavini bildirib ki, 2022-ci ildən etibarən Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin ildönümünə həsr olunan tədbirlərin 30 ilə yaxın işğal altında qalsa da, öz ruhunu itirməyən Şuşa şəhərində keçirilməsi xüsusi mənəvi, siyasi və ideoloji məna daşıyır: “2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın həmrəyliyi və Azərbaycan Ordusunun şücaəti sayəsində hərbi-siyasi əsarətdən azad olunan Şuşa yalnız Azərbaycanın deyil, türk və islam dünyasının mədəniyyət mərkəzlərindən biri kimi bəşər sivilizasiyasının qiymətli xəzinəsidir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Heydər Əliyev siyasətini əxlaqi-mənəvi dəyərlərə, milli maraqlara və dövrün çağırışlarına uyğun zənginləşdirərək müvəffəqiyyətlə davam etdirməsi xalqımıza misilsiz nailiyyətlər və möhtəşəm Zəfər qazandırmışdır. Hazırda Azərbaycan zəngin dövlətçilik tarixinin ən şanlı mərhələsini yaşayır. Üçrəngli bayrağımızın qürurla dalğalandığı işğaldan azad edilmiş bütün ərazilərimiz, o cümlədən bu gün bir araya toplaşdığımız Şuşa dirçəliş dövrünə qədəm qoymuşdur. Müasir şəhərsalma konsepsiyaları əsasında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri mütləq suverenliyini bərpa edən Azərbaycan dövlətinin qüdrətinin və xalqımızın milli iradəsinin ifadəsidir. Bu, təkcə infrastruktur layihələrinin reallaşdırılması deyil, həm də yeni həyatın, təhlükəsiz qayıdışın və dayanıqlı inkişafın təcəssümüdür”.
Tahir Budaqovun sözlərinə görə, konfransın mövzusu müasir beynəlxalq münasibətlər sisteminin son dərəcədə aktual məsələlərini özündə ehtiva edir: “Dünyanın mürəkkəb geosiyasi transformasiyalar dövrünü yaşadığı bir zamanda regional sabitlik, təhlükəsizlik və əməkdaşlıq məsələləri beynəlxalq siyasi gündəliyin mərkəzində dayanır. Qlobal güc balansında baş verən dəyişikliklər, regional münaqişələr, enerji və ərzaq təhlükəsizliyi ilə bağlı çağırışlar, iqlim dəyişiklikləri, kiber təhdidlər, iqtisadi-ticari və kommunikasiya marşrutları uğrunda gərgin rəqabət beynəlxalq münasibətlərin xarakterini əhəmiyyətli dərəcədə dəyişmişdir. Bu gün təhlükəsizlik anlayışı yalnız hərbi amillərlə ölçülmür. Enerji, nəqliyyat-logistika, ekoloji, humanitar və rəqəmsal təhlükəsizlik məsələləri də qlobal sabitlik konsepsiyasının ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Bu xüsusda Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət daha ədalətli dünya nizamının bərqərar olmasına istiqamətlənmişdir. Ölkəmiz 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına və 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrlərdə bəşəriyyəti narahat edən qlobal problemlərin aradan qaldırılması, o cümlədən dayanıqlı sülh, etibarlı tərəfdaşlıq naminə hərbi-siyasi təhdidlərin qarşısının alınması, iqtisadi, ekoloji, humanitar və digər sahələrdə təhlükəsizliyin təmin olunması istiqamətində qətiyyətli mövqe nümayiş etdirmiş və mühüm təşəbbüslərlə çıxış etmişdir ki, bu da yeni dünya düzəninə keçid prosesində çoxtərəfli əməkdaşlığa mühüm töhfələr vermişdir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan transmilli layihələr Avropanın enerji təhlükəsizliyinə vacib töhfələr verir və müxtəlif dövlətlər arasında qarşılıqlı etimadı gücləndirən mühüm əməkdaşlıq platformaları yaradır. Ölkəmiz, eyni zamanda, beynəlxalq miqyasda "yaşıl enerji" gündəliyinin fəal iştirakçısıdır. 2024-cü ilin noyabr ayında Azərbaycanın COP29-a, bu ilin may ayında isə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasına uğurla ev sahibliyi etməsi və bunların nəticəsi olaraq iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizəyə və dayanıqlı şəhər inkişafının təşviqinə dair qlobal əhəmiyyətli qərarların qəbulu ölkəmizin beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi önəmini qabarıq şəkildə bir daha təsdiq etmişdir. Paralel olaraq ölkəmiz Şərqlə Qərbi birləşdirən logistika qovşağı kimi müxtəlif coğrafi məkanlar arasında iqtisadi-ticari əlaqələrin inkişafında və bütövlükdə Avrasiyanın nəqliyyat-kommunikasiya xəritəsinin zənginləşməsində fəal rol oynayır. Azərbaycanın qlobal təhlükəsizliyə müstəsna töhfələrindən biri Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təmin olunmasına yönəlik fəal siyasət yürütməsidir. Bilirsiniz ki, uzun müddət işğala, ikili standartlara və ədalətsizliyə məruz qalmış Azərbaycan öz ərazi bütövlüyünü və tam suverenliyini bərpa etməklə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 30 ilə yaxın kağız üzərində qalan qətnamələrinin icrasını təmin etmiş, regionda ciddi iqtisadi böhrana və humanitar fəlakətə səbəb olan münaqişənin tarixə qovuşmasına nail olmuşdur. Ölkəmizin təşəbbüsü ilə irəli sürülən sülh gündəliyi beynəlxalq hüquq normalarına, eləcə də dövlətlərin ərazi bütövlüyünün qorunması və sərhədlərinin toxunulmazlığı prinsiplərinə əsaslanır ki, bu da yalnız Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına deyil, bütövlükdə qarşılıqlı hörmət və faydalı əməkdaşlıq şəraitində Cənubi Qafqazın sabit, təhlükəsiz və firavan gələcəyinə xidmət edir”.
YAP Mərkəzi Aparatının rəhbəri söyləyib ki, yeni dünya nizamına transformasiya fonunda regional və qlobal təhlükəsizliyin təmin edilməsində partiya diplomatiyasının rolu getdikcə artır: “Müasir dövrdə siyasi partiyalar təkcə daxili siyasi institutlar deyil, həm də xalqlar arasında etimadın formalaşmasına, dialoqun təşviqinə və beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfə verən aktorlardır. Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu olduğu və bu gün ölkə başçısı cənab İlham Əliyevin liderliyi ilə fəaliyyətini uğurla davam etdirən Yeni Azərbaycan Partiyası beynəlxalq əməkdaşlığın inkişafına xüsusi önəm verir. Partiyamızın müxtəlif ölkələrin aparıcı siyasi partiyaları ilə qurduğu əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyəti, irəli sürdüyü təşəbbüslər və konstruktiv dialoq siyasəti dövlətlərarası münasibətlərin möhkəmlənməsinə xidmət etməklə bərabər, sülh quruculuğu prosesinin vacib elementlərindən biri kimi çıxış edir. Partiyamızın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayından ötən müddət ərzində bir sıra ölkələrin, o cümlədən Türkiyə, Özbəkistan, Qazaxıstan, Ukrayna, Şimali Makedoniya, Çin, Vyetnam, Kuba və Belarusun aparıcı siyasi partiyaları ilə əməkdaşlıq sazişləri, həmçinin YAP Gənclər Birliyi ilə “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının Gənclər Təşkilatı arasında Əməkdaşlıq Memorandumu imzalanmış, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı, Mərkəzçi Demokrat İnternasionalı kimi önəmli siyasi platformalarda YAP-ın fəal iştirakı təmin edilmişdir. Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə istər yerli, istərsə də beynəlxalq ictimaiyyət üçün ciddi maraq doğuran aktual məsələlərə dair tədbirlərin keçirilməsi, o cümlədən “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusuna həsr olunmuş bugünkü konfransımız regional və qlobal miqyasda mövcud geosiyasi reallıqların təhlili, işbirliyi imkanlarının müəyyənləşdirilməsi, yeni ideyaların irəli sürülməsi və bütövlükdə sülh prosesinin irəliyə aparılması baxımından böyük əhəmiyyətə malikdir”.
"Konfransımızın panel sessiyalarının mövzuları müasir dövrün siyasi, iqtisadi və humanitar çağırışlarını özündə ehtiva etməklə istər Cənubi Qafqazda, istərsə də daha geniş coğrafiyada davamlı sülh naminə üç əsas istiqaməti – siyasi dialoqu, iqtisadi əməkdaşlığı və postmünaqişə dövründə bərpa-quruculuq fəlsəfəsini əhatə edir. Növbəti plenar sessiyamız "Regional layihələr və transsərhəd əməkdaşlıq: dayanıqlı sülhün iqtisadi əsasları" mövzusuna həsr olunacaqdır. Amma qısaca qeyd etmək istəyirəm ki, sülh yalnız siyasi razılaşmalarla deyil, həm də qarşılıqlı iqtisadi maraqların gerçəkləşdirilməsi ilə möhkəmlənir. Tarixi təcrübə göstərir ki, iqtisadi inteqrasiyanın gücləndiyi regionlarda qarşıdurma riskləri azalır, əməkdaşlıq isə sabitliyin əsas təminatçısına çevrilir. Bu gün Cənubi Qafqazın gələcəyi də məhz açıq kommunikasiyalar, qarşılıqlı faydalı işbirliyi və regional inteqrasiya üzərində qurulmalıdır. Üçüncü plenar sessiyada isə "Postmünaqişə dövründə yenidənqurma: şəhərsalma sahəsində müasir çağırışlar" mövzusu ətrafında aparılacaq fikir mübadiləsi şəhərsalma siyasətində ən son standartların, o cümlədən rəqəmsal texnologiyaların və innovativ həllərin tətbiqi istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi və paylaşılması baxımından mühüm əhəmiyyət kəsb edir. Həyata keçirilən genişmiqyaslı quruculuq işləri yalnız sosial-iqtisadi inkişafın sürətləndirilməsi deyil, həm də regionun turizm potensialının canlandırılması baxımından xüsusi önəm daşıyır. Tarixi irsin bərpası və gələcək nəsillər üçün qorunub yaşadılması, müasir turizm infrastrukturunun formalaşdırılması sivilizasiyalararası dialoqun dərinləşməsinə, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, mədəni mübadilə və humanitar əməkdaşlığın genişlənməsinə əlverişli zəmin yaradır. Bütün bunlar isə öz növbəsində regionda inteqrasiyanın təşviqinə və davamlı sülhün təmin olunmasına xidmət edən mühüm amillər kimi çıxış edir”,- deyə Tahir Budaqov əlavə edib.
YAP Sədrinin müavini vurğulayıb ki, sülh, təhlükəsizlik və firavanlıq naminə səylərin birləşdirilməsi dövlətlərin gələcək nəsillər qarşısında başlıca siyasi məsuliyyətidir: “Bu gün Şuşadan verilən mesajlar yalnız Cənubi Qafqaza deyil, bütün dünyaya ünvanlanır. Bu çağırışların mahiyyəti ondan ibarətdir ki, güclü dövlətçilik, qarşılıqlı hörmət, beynəlxalq hüquq normalarına əsaslanan fəaliyyət və bərabərhüquqlu əməkdaşlıq davamlı sülhün ən etibarlı təminatçısıdır. Konfransımızın regionda sülh quruculuğuna önəmli töhfə verəcəyinə və faydalı nəticələrlə yadda qalacağına inamımı ifadə edərək hər birinizə fəaliyyətinizdə uğurlar arzulayır və diqqətinizə görə təşəkkürümü bildirirəm”.
Türkmənistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qurbanmammet Elyasov isə çıxışında qeyd edib ki, türkmən xalqı ilə Azərbaycan xalqı arasında əlaqələr əsrlər boyu möhkəm təməl üzərində inkişaf etmişdir: “Tarixi köklər, ortaq dil və milli-mənəvi dəyərlər xalqlarımız arasında qardaşlıq və qarşılıqlı etimad mühiti formalaşdırmışdır. Ölkələrimiz arasında münasibətlər həm də Xəzər dənizi vasitəsilə strateji yaxınlığa əsaslanır. Çünki ölkələrimiz bu dənizlə beynəlxalq bazarlara çıxır, ticari-iqtisadi əlaqələr qurur. Avropa ilə Asiya arasında ən mühüm ticarət yolları Türkmənistan və Azərbaycandan keçərək hər iki dövləti qlobal logistika zəncirinin vacib halqasına çevirir”.
O vurğulayıb ki, Xəzər dənizinin hər iki sahilində yaşayan türkmən və Azərbaycan xalqları üçün sülhün, firavanlığın və xoşbəxt həyatın təmin edilməsi, siyasi, sosial-iqtisadi və humanitar sahələrdə əhəmiyyətli irəliləyişlər yalnız ölkələrimizin inkişafına deyil, həm də Orta Asiya və Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə, yeni şəraitdə beynəlxalq münasibətlərin inkişaf etdirilməsinə müsbət təsir göstərir: “Bu baxımdan, müstəqil və bitərəf Türkmənistanın sabitlik və təhlükəsizliyi möhkəmləndirməyə, qarşılıqlı güvəni artırmağa və əməkdaşlığı inkişaf etdirməyə yönəlmiş xarici siyasət və Azərbaycan Respublikasının Cənubi Qafqazı sülh, sabitlik və əməkdaşlıq məkanına çevirmək üçün həyata keçirdiyi strateji təşəbbüslər müasir beynəlxalq münasibətlərdə xüsusi əhəmiyyət kəsb edir. Son illərdə beynəlxalq ticarət, nəqliyyat və logistika sektorunda əhəmiyyətli dəyişikliklərin şahidi olduq. Bu çərçivədə Şərqi Asiya ilə Avropa arasında etibarlı əlaqəni təmin edən Orta Dəhlizin əhəmiyyəti daim artmaqdadır”.
Qurbanmammet Elyasov bildirib ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzər dənizinin iki sahilini birləşdirən dostluq və qardaşlıq körpüsünü daha da möhkəmləndirmək üçün böyük işlər görürlər: “Türkmənistan Demokrat Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında qurulmuş əməkdaşlığın gələcəkdə uğurla davam edəcəyinə və xalqlarımız arasında dostluq və qardaşlığın daha da inkişafına xidmət edəcəyinə olan inamımı bildirirəm”.
Sahibkarlar və İş Adamları Hərəkatı – Özbəkistan Liberal Demokratik Partiyası Siyasi Şurası İcra Komitəsinin sədri, partiyanın parlament fraksiyasının sədri Aktam Xaitov çıxışında Azərbaycan və Özbəkistanın ortaq tarixə, mədəniyyətə və dəyərlərə malik qardaş ölkələr olduğunu qeyd edib: “Bu gün ölkələrimiz arasındakı münasibətlər öz tarixinin ən yüksək zirvəsinə ucalmışdır”, deyən A.Xaitov Azərbaycanın inkişaf yolunu dərin hörmət və rəğbətlə izlədiklərini, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin möhtəşəm uğurlar qazandığını, ərazi bütövlüyünü tam bərpa etdiyini, azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işlərini uğurla və sürətlə davam etdirdiyini qeyd edib.
Yeni Azərbaycan Partiyasının Azərbaycanda islahatların və sabitliyin etibarlı dayağı olduğunu qeyd edən natiq 2024-cü ilin iyun ayında təmsil etdiyi partiya ilə Yeni Azərbaycan Partiyası arasında Əməkdaşlıq Memorandumu imzalandığını vurğulayıb: “Bu mühüm sənəd səmərəli qarşılıqlı fəaliyyəti təmin etməklə yanaşı, ölkələrimiz arasındakı Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin müvəffəqiyyətlə reallaşdırılmasına da xidmət edir”.
Aktam Haitov çıxışında qeyd edib ki, bu gün beynəlxalq münasibətlər sistemi transformasiya prosesini yaşayır: “Geosiyasi rəqabətin güclənməsi, regional münaqişələr, iqtisadi böhranlar, iqlim dəyişikliyi və qlobal təhlükəsizliyə yönələn təhdidlər dövlətlərdən yeni yanaşmalar tələb edir. Belə bir mürəkkəb şəraitdə qarşılıqlı dialoq, etimad və əməkdaşlıq prinsipləri hər zamankından daha vacibdir”.
Natiq Özbəkistanın sülhün qorunması və sabitliyin təmin edilməsi sahəsində dəyərli təcrübə topladığını, qısa müddət ərzində regionda etimad və qarşılıqlı hörmət mühiti formalaşdığını qeyd edərək Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşünə tamhüquqlu iştirakçı kimi qəbul edilməsinin tarixi qərar olduğunu bildirib.
O, beynəlxalq münasibətlər sistemində partiya diplomatiyasının əhəmiyyətinin durmadan artığını qeyd edərək müntəzəm təcrübə mübadiləsinin inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıb: “Eyni zamanda, gənclər siyasəti sahəsində birgə çalışmalı və nüfuzlu beynəlxalq platformalarda sülh, tolerantlıq, həmrəylik və mehriban qonşuluq dəyərlərini birlikdə və fəal şəkildə təşviq etməliyik. Biz inanırıq ki, siyasi partiyalarımız arasındakı sıx əməkdaşlıq və xalqlarımız arasındakı dostluq telləri ölkələrimizə yeni uğurlar qazandıracaqdır”.
Laos Xalq İnqilab Partiyası Mərkəzi Komitəsi Xarici Əlaqələr Komitəsinin Tədqiqat və çoxtərəfli əlaqələr departamentinin baş direktoru Sayavonq Bounyadet çıxışında qeyd edib ki, sürətlə dəyişən və getdikcə mürəkkəbləşən beynəlxalq şəraitdə çoxqütblü dünyanın formalaşması dövrümüzün müəyyənedici meyillərdən birinə çevrilmiş, beynəlxalq birliyin arzu və istəklərini özündə əks etdirmişdir. Eyni zamanda, çağdaş dünyamız çoxşaxəli çətin sınaqlarla üz-üzədir və bu amillər yeni imkanlar da yaradır.
O bildirib ki, Cənubi Qafqaz böyük strateji əhəmiyyət daşıyan bir regiondur və Avropa ilə Asiya arasında körpü rolunu oynayır: “Burada sülhün və sabitliyin qorunması yalnız region ölkələri deyil, həm də qlobal təhlükəsizlik üçün son dərəcə vacibdir”.
Gərginliyin azaldılmasına, qarşılıqlı etimadın gücləndirilməsinə və Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bütün səyləri dəstəklədiklərini vurğulayan Sayavonq Bounyadet əminliyini ifadə edib ki, regional məsləhətləşmə mexanizmlərinin yaradılması, mədəni və sosial mübadilələr, nəqliyyat və əlaqə şəbəkələrinin inkişafı, partiyalar və xalqlararası diplomatiya sülh prosesinin irıi aparılmasının mühüm mexanizmləridir.
Konfransın əhəmiyyətini yüksək dəyərləndirən Sayavonq Bounyadet Laos Xalq İnqilabi Partiyasının sülh, ədalət və dayanıqlı inkişaf üzərində qurulmuş bir dünya yaratmaq üçün Yeni Azərbaycan Partiyası ilə, həmçinin dünyanın müxtəlif regionlarından olan dost siyasi partiyalarla əməkdaşlığı və sıx koordinasiyanı daha da möhkəmləndirməyə hazır olduğunu bildirib.
Moldova Respublikası Parlamentinin üzvü Pavel Voyku partiya diplomatiyasının müasir beynəlxalq münasibətlərdə sülhün təmin olunmasında mühüm vasitə kimi çıxış etdiyini bildirib. O qeyd edib ki, dünya sürətlə dəyişir və beynəlxalq təhlükəsizlik sisteminin əsas komponentləri sayılan institutlar ciddi böhranla üz-üzə qalıb: “Ənənəvi dövlətlərarası diplomatiya çox vaxt bürokratik maneələr və ideoloji qütbləşmə səbəbindən çevik qərarvermə imkanlarını itirir. Bu şəraitdə partiya diplomatiyası daha açıq, birbaşa və praqmatik dialoq üçün alternativ platforma kimi ön plana çıxır”.
Pavel Voyku Azərbaycanın təcrübəsinə də toxunaraq bildirib ki, ölkə beynəlxalq hüququn prinsipləri və milli iradə əsasında ərazi bütövlüyünü bərpa etməklə yanaşı, regionda yeni iqtisadi reallıqlar formalaşdırır: “Bu təcrübə Moldova üçün də mühüm örnəkdir və ardıcıl dövlət siyasətinin real nəticələr verdiyinin göstəricisidir”.
Parlament üzvü qeyd edib ki, Moldova hazırda mürəkkəb geosiyasi proseslərin mərkəzində yerləşir, ona görə də həm Şərq, həm də Qərb istiqamətində əməkdaşlığa əsaslanan balanslı xarici siyasət yürütməlidir. O əlavə edib ki, ölkənin əsas prioritetləri enerji təhlükəsizliyi, iqtisadi sabitlik və sosial rifahdır.
Pavel Voyku partiya diplomatiyasının beynəlxalq münasibətlərdə etimadın gücləndirilməsi baxımından yeni imkanlar yaratdığını bildirib. O, Moldovanın Azərbaycanla münasibətləri yüksək dəyərləndirdiyini və partiyalararası dialoqun genişləndirilməsində maraqlı olduğunu bildirib. Voyku onu da əlavə edib ki, bu cür platformalar beynəlxalq sabitliyin möhkəmləndirilməsi və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından mühüm önəm kəsb edir.
“Regional layihələr və transsərhəd əməkdaşlıq: dayanıqlı sülhün iqtisadi əsasları” mövzusunda ikinci panel sessiyada moderator, Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım qeyd edib ki, dünya tarixən bir çox böhranlarla üzləşmişdir: “Bu gün yaşadığımız problemlər yalnız müəyyən bölgələri deyil, bütün bəşəriyyəti əhatə edən qlobal səviyyəyə çatmışdır. Müharibələr, terrorizm, nizamsız miqrasiya, iqtisadi dalğalanmalar, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi, kiber hücumlar, dezinformasiya və süni intellekt çağının özü ilə gətirdiyi yeni risklər beynəlxalq sistemi hər ötən gün daha mürəkkəb hala gətirməkdədir. Bu səbəbdən sülhün qorunması və sabitliyin gücləndirilməsi artıq yalnız dövlətlərin apardığı klassik diplomatiya fəaliyyətləri ilə mümkün deyildir. Parlamentlərin, siyasi partiyaların, akademik dairələrin, media qurumlarının və vətəndaş cəmiyyətlərinin də bu proseslərdə fəal rol oynaması zəruridir. Məhz bu mərhələdə partiya diplomatiyası ölkələr arasında etimadın yaradılmasında, dialoq kanallarının əlaqələndirilməsində və ortaq həllərin işlənib hazırlanmasında strateji bir vasitə kimi öndə dayanır”.
O qeyd edib ki, 15 iyun 2021-ci il tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş dövlət arasında münasibətləri inkişaf etdirən bir sənəd kimi müstəsna əhəmiyyət kəsb edir: “Şuşa Bəyannaməsi, eyni zamanda, Cənubi Qafqazda daimi sülhün, təhlükəsizliyin, iqtisadi inkişafın və regional əməkdaşlığın strateji yol xəritəsidir. Xüsusilə Orta Dəhlizdən enerji xətlərinə, nəqliyyat layihələrindən rəqəmsal həllər sahəsində əməkdaşlıqlara qədər inkişaf etdirilən ortaq layihələr regionda ticarətin genişlənməsinə, investisiya imkanlarının artmasına və xalqlar arasında qarşılıqlı əlaqələrin genişlənməsinə töhfə verir”.
Şamil Ayrım vurğulayıb ki, Şuşa Bəyannaməsi “Bir millət, iki dövlət” anlayışını strateji müttəfiqlik səviyyəsinə yüksəldən tarixi bir dönüş nöqtəsidir: “Həmçinin 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan təxminən otuz illik işğala son qoyaraq beynəlxalq hüququn tanıdığı tarixi ədaləti təmin etdi. 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan tam suverenliyini bərqərar etdi və beləliklə, regionda yeni siyasi və geosiyasi reallıqlar formalaşdı. Qarabağ və Şərqi Zəngəzurda ucalan hər yeni şəhər, tikilən məktəblər, yeni yollar və keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı postmüharibə dövrünün uğurlu nəticələrinin əyani göstəricisidir. İşğaldan azad edilən bölgələrdə aparılan yenidənqurma və bərpa işləri dünya miqyasında nümunə göstəriləcək bir inkişaf hərəkatına çevrilmişdir”.
O bildirib ki, bu gün sülh təşəbbüslərinin qarşısında duran maneələr yalnız hərbi təhdidlərlə məhdudlaşmır: “Dezinformasiya, kiber hücumlar, rəqəmsal manipulyasiyalar və ayrı-seçkiliyi təşviq edən çağırışlar cəmiyyətlər arasında inam və etimadı zədələyə bilər. Xüsusilə süni intellekt çağında doğru məlumata çıxış və informasiya təhlükəsizliyi beynəlxalq təhlükəsizliyin yeni ölçülərindən biri halına gəlmişdir. Bu səbəbdən siyasi partiyaların, parlamentlərin və beynəlxalq qurumların demokratik dəyərləri qorumaq mövzusunda məsuliyyətləri hər zamankından daha üstündür. Belə ki, yaxın günlərdə Ermənistanda həyata keçirilən parlament seçkilərinin ardından ortaya çıxan mənzərə region xalqlarının sabitlik, normallaşma və sülh gözləntisini aydın şəkildə üzə çıxarır”.
Ş.Ayrım qeyd edib ki, Şuşadan dünyaya ünvanlanan çağırış regional əməkdaşlığın genişləndirilməsi, nəqliyyat və enerji dəhlizlərinin inkişafı, ticarət yollarının şaxələndirilməsi, ortaq investisiya təşəbbüslərinin təşviqi və xalqlar arasında qarşılıqlı etimada söykənən münasibətlərin gücləndirilməsindən ibarətdir.
Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey çıxışında qeyd edib ki, bəşəriyyətin gələcək taleyi və qlobal inkişaf meyilləri barədə düşünən Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab Si Cinpin bütün ölkələrin qarşılıqlı faydalı əməkdaşlığını təmin etmək məqsədilə “Bir kəmər, bir yol” təşəbbüsünü və Qlobal İnkişaf Təşəbbüsünü irəli sürüb. Səfir bildirib ki, bu təşəbbüs elan edildiyi gündən 150-dən çox ölkə və 30-dan artıq beynəlxalq təşkilatın dəstəyini qazanıb.
Çin ilə Azərbaycanın yaxşı dost və tərəfdaş olduğunu deyən Lu Mey əlavə edib ki, son illərdə Çin Xalq Respublikasının Sədri Si Cinpinin və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə iki dövlət arasında münasibətlər hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ölkələrarası ənənəvi dostluq gündən-günə dərinləşir, qarşılıqlı etimad möhkəmlənir: “Xüsus vurğulamaq lazımdır ki, Çin və Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünün yüksək keyfiyyətli reallaşması üzərində birgə işləyir, Qlobal İnkişaf Təşəbbüsünü ortaq şəkildə həyata keçirir və regional əməkdaşlığı fəal surətdə inkişaf etdirirlər. Çin ilə Azərbaycan arasında ikitərəfli ticarətin həcmi üç il ardıcıl olaraq rekord səviyyəyə çatıb. Çin tərəfi Azərbaycanda külək enerjisi, avtomobil istehsalı, informasiya-kommunikasiya texnologiyaları, tikinti materiallarının istehsalı və digər sahələrdə layihələr həyata keçirir və daha sıx regional iqtisadi tərəfdaşlığın qurulmasına töhfə verir”.
Səfirin sözlərinə görə, hər iki ölkənin hakim partiyaları olaraq Çin Kommunist Partiyası və Yeni Azərbaycan Partiyası sıx təmaslar qurmuş, iki ölkənin liderləri tərəfindən əldə edilmiş mühüm razılaşmaları fəal surətdə həyata keçirmiş, dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsini dərinləşdirmiş, kadrlar, kütləvi informasiya vasitələri və analitik mərkəzlər arasında əlaqələri inkişaf etdirmiş, bununla da Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin davamlı inkişafına mühüm töhfə vermişdir”.
2026-cı ildə Çin Kommunist Partiyasının yaradılmasının 105-ci ildönümünün qeyd olunduğunu vurğulayan xanım Lu Mey qeyd edib ki, mövcud qlobal çağırışlar qarşısında bu nüfuzlu partiya YAP da daxil olmaqla dünyanın müxtəlif ölkələrinin siyasi partiyaları və təşkilatları ilə birgə Qlobal İnkişaf, Qlobal Təhlükəsizlik, Qlobal Sivilizasiya və Qlobal İdarəetmə təşəbbüslərini fəal şəkildə həyata keçirməyə, dünyada hər yerində sülhün və inkişafın qorunmasına yeni təkan verməyə hazırdır.
Kamboca Xalq Partiyası Mərkəzi Komitəsi Daimi Komitəsinin üzvü, Kamboca Krallığı Senatının ikinci vitse-prezidenti Tun Vathana çıxışında Azərbaycanın tarixi rəmzi olan Şuşa şəhərində bu mühüm konfransa ev sahibliyi etdiyi üçün Yeni Azərbaycan Partiyasına dərin minnətdarlığını bildirib. O qeyd edib ki, konfrans iştirakçıları buraya təkcə fikir mübadiləsi aparmaq üçün deyil, həm də dayanıqlı sülhə və birgə rifaha nail olmağa kömək edəcək tərəfdaşlıqlar qurmaq üçün toplaşıblar: “Biz hazırda dünyanın geosiyasi gərginliklər, iqtisadi qeyri-müəyyənliklər və ciddi təhlükəsizlik çağırışları ilə səciyyələnən bir yol ayrıcında olduğu dövrdə yaşayırıq. İstər Azərbaycan, istər Kamboca, sülhün, sabitliyin və rifahın tərəfdarıdır. Bu yolla sülh təkcə əldə edilmir, həm də gələcək nəsillər üçün davamlı olur. Həqiqi və qalıcı sülh üç əsas əsas amilə əsaslanır: beynəlxalq hüquqa hörmət, iqtisadi əməkdaşlıq və qarşılıqlı faydanı təşviq edən uzunmüddətli tərəfdaşlıq. Bu amillər olduqda sülh daha dayanıqlı, davamlı və inklüziv əhatəli xarakter alır”.
Tun Vathana bildirib ki, iqtisadi rifah sülhün, sabitliyin və ləyaqətin təməlidir: “Paylaşılan imkanlar rifaha öz dəyərini qazandırır. Kamboca münaqişədən əziyyət çəkən bir ölkədən Cənub-Şərqi Asiyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilmişdir. Bu tərəqqi təkcə daxili islahatlar sayəsində deyil, həm də regional əməkdaşlıq və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN), eləcə də dünyanın digər regionlarına iqtisadi inteqrasiya nəticəsində mümkün olmuşdur”.
Tun Vathana onu da vurğulayıb ki, Cənubi Qafqaz Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanı birləşdirən strateji mövqeyə malikdir: “Regionun enerji resursları, tranzit marşrutları və böyüməkdə olan rəqəmsal iqtisadiyyatı mühüm imkanlar vəd edir. Ermənistan və Azərbaycan arasında imzalanacaq sülh sazişi bütün regionda iqtisadi perspektivləri və regional təhlükəsizliyi əhəmiyyətli dərəcədə gücləndirəcəkdir. İndiki məqamda iqtisadi fəaliyyətləri Qafqaz hüdudlarından kənara və dünyanın digər regionlarına genişləndirmək imkanlarını araşdırmağın vaxtıdır. Kamboca bu prosesə qoşulmaqdan məmnunluq duyacaqdır. Sərhədlərarası ticarətin təşviqi, sərhədyanı iqtisadiyyatların qurulması və infrastruktura investisiya qoyuluşu mühüm əhəmiyyət kəsb edir. Xüsusi iqtisadi zonalar və turizm iqtisadi artımı stimullaşdırır. Turizm insanlar arasında qarşılıqlı anlaşmanı və dözümlülüyü möhkəmləndirir. Bu təşəbbüslər sərhədləri ayırıcı xətlərdən əməkdaşlıq körpülərinə çevirir”.
Ukrayna Ali Radasının Humanitar və informasiya siyasəti komitəsinin sədri, ATƏT Parlament Assambleyasında Ukrayna nümayəndə heyətinin rəhbəri Mikita Poturayev çıxışında qeyd edib ki, sülh sadəcə sazişlər imzalamaqla və ya hərbi əməliyyatları dayandırmaqla əldə olunmur: “Dayanıqlı sülh o zaman qurulur ki, insanlar sabitliyin real bəhrələrini görsünlər - yollar, dəmir yolları, enerji şəbəkələri, müəssisələr, universitetlər və icmalar münaqişə ilə bölünmək əvəzinə, əməkdaşlıq vasitəsilə bir-birinə bağlansınlar”.
Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliyə aparılmasında nümayiş etdirilən siyasi iradəni xüsusi qeyd edib: “Azərbaycanın infrastrukturu yenidən qurmaq, iqtisadi fəaliyyəti bərpa etmək və məcburi köçkünlərin geri qayıtması üçün şərait yaratmaq istiqamətindəki heyranedici səylərini yüksək qiymətləndiririk. Uğurlu yenidənqurma təkcə binalar, yollar və kommunal xidmətlərdən ibarət deyil. Bu, insan ləyaqətinin bərpası və sülhün insanların həyatına real faydalar gətirdiyinin nümayiş etdirilməsidir”.
Cənubi Qafqazda sabitliyə və iqtisadi inkişafa mühüm töhfə verən tərəf kimi Türkiyənin oynadığı konstruktiv rolu da qeyd edən natiq mühüm məqam kimi region ölkələrinin gələcəklərini özlərinin formalaşdırmaq qabiliyyətinin getdikcə artmasını qeyd edib. Mikita Poturayev Cənubi Qafqazın qarşısında tarixi bir imkan yarandığını, yenilənən arxitekturada Azərbaycanın təkcə enerji tədarükçüsü deyil, həm də Xəzər və Qara dəniz regionlarını, Mərkəzi Asiyanı, Türkiyəni və Avropanı birləşdirən mühüm nəqliyyat və logistika mərkəzinə çevrildiyini qeyd edib.
Mikita Poturayev vurğulayıb ki, Ukrayna Azərbaycan ilə dostluq, tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək niyyətinə sadiq qalır: “Qara dənizdən Xəzər dənizinə qədər uzanan geniş regionumuzun gələcəyi suverenlik, qarşılıqlı hörmət, iqtisadi açıqlıq və müstəqil dövlətlər arasında əməkdaşlıq üzərində qurulmalıdır”.
Pakistanın MUSLİM İnstitutunun İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi və xüsusi nümayəndəsi Malik Asif Tanver çıxışında konfransın məhz Şuşada keçirilməsinin rəmzi məna daşıdığını vurğulayıb. O qeyd edib ki, Cənubi Qafqaz hazırda tarixi inkişaf mərhələsindədir. Pakistanlı nümayəndə bildirib ki, müasir dünyada iqtisadi inkişaf, texnoloji tərəqqi və resurslara artan tələbat qlobal rəqabəti daha da gücləndirir. Onun sözlərinə görə, rəqabətin əməkdaşlığa, qarşılıqlı asılılığın isə sabitliyə çevrilməsi üçün regional əməkdaşlıq mexanizmlərinin formalaşdırılması vacibdir.
Malik Asif Tanver vurğulayıb ki, regional layihələrdə iştirak edən bütün dövlətlər həmin təşəbbüslərin faydasını paylaşmalı, ortaq maraqlar əsasında əməkdaşlıq etməlidirlər.
Çıxışında Çin-Pakistan İqtisadi Dəhlizi (CPEC), Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) və Zəngəzur dəhlizi kimi layihələrə də toxunan natiq bildirib ki, bu təşəbbüslər regional inteqrasiyanın və iqtisadi əməkdaşlığın uğurlu nümunələridir.
Malik Asif Tanver qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə öz coğrafi mövqeyini uğurla strateji üstünlüyə çevirərək Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm mərkəzə çevrilib. Pakistanın Azərbaycanla qardaşlıq münasibətlərinə böyük önəm verdiyini bildirən natiq regional əlaqələndirməni, iqtisadi inkişafı və dayanıqlı sülhü təşviq edən təşəbbüsləri tam dəstəklədiklərini diqqətə çatdırıb.
Malik Asif Tanver, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlər arasında iqtisadi inteqrasiyanın gücləndirilməsi, ticarətin asanlaşdırılması və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi baxımından mühüm rol oynaya biləcəyini vurğulayıb. O qeyd edib ki, dayanıqlı sülh yalnız ticarət dəhlizləri ilə deyil, eyni zamanda mədəni, akademik və intellektual əməkdaşlıq vasitəsilə möhkəmlənir. Bu baxımdan Muslim İnstitutu ilə Azərbaycanın aidiyyəti qurumlarının birgə həyata keçirdiyi konfransların, mədəni təşəbbüslərin və tədqiqat layihələrinin xalqlar arasında əlaqələrin inkişafına töhfə verdiyini bildirib.
Sonda Malik Asif Tanver iqtisadi əməkdaşlıqla yanaşı, insanlar arasında qurulan münasibətlərin də dayanıqlı sülh və regional inkişafın güclü təməli olduğunu vurğulayaraq Azərbaycan-Pakistan dostluğunun daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
“Postmünaqişə dövründə yenidənqurma: şəhərsalma sahəsində müasir çağırışlar” mövzusunda üçüncü panel sessiyada moderator, Belarusun “Belaya Rus” Partiyasının sədri Olqa Çemodanova çıxış edərək vurğulayıb ki, Milli Qurtuluş Günündən başlanan uğurlu siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirmiş, dost dövlətlərlə əməkdaşlığını ardıcıl şəkildə genişləndirmişdir. Onun sözlərinə görə, sabitlik və inkişaf kursu Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə, xarici siyasətdə yeni uğurlar qazanmasına geniş imkanlar yaradıb. Azərbaycan-Belarus əlaqələrinin dinamik inkişafı da qarşılıqlı faydalı əməkdaşlığın uğurlu nəticələrindən biri kimi dəyərləndirilir.
Partiya sədri qeyd edib ki, atom energetikası tarixində ən böyük qəzadan sonra Belarus ərazisinin təxminən dörddə biri radiasiyaya məruz qalmışdır ki, bu ərazilərdə də ölkə əhalisinin beşdə biri yaşayırdı: “479 yaşayış məntəqəsinin mövcudluğuna son qoyulmuşdur. Dövlət siyasəti insanların sağlamlığı üçün radiasiya riskinin azaldılmasına və onların həyat fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsinə yönəlmişdir. Yaşayış sahələri ilə təminat, kompensasiya ödənişləri, müavinətlər və güzəştlər verilməklə əhalinin köçürülməsi radioaktiv tullantıların basdırılması, çirklənmiş ərazilərə girişin məhdudlaşdırılması, şüalanma dozalarının maksimum azaldılması üçün genişmiqyaslı tədbirlər kompleksi çirklənmiş qida məhsullarının istehlakının məhdudlaşdırılması həyata keçirilmişdir”.
O bildirib ki, qəzanın nəticələrinin aradan qaldırılması və zərər çəkmiş regionların sosial-iqtisadi inkişafı üzrə altı dövlət proqramı reallaşdırılmışdır: “Hazırda 2026-2030-cu illəri əhatə edən “Əhalinin Təhlükəsizlik İnfrastrukturu” Dövlət Proqramı qüvvədədir. Qəzadan sonrakı dövr ərzində radioaktiv çirklənmə zonalarından 1657 yaşayış məntəqəsi və ya radioaktiv çirklənmə ərazisində yerləşən ümumi yaşayış məntəqələrinin 45 faizi (təxliyə edilmiş və əhalisi köçürülmüş yaşayış məntəqələri nəzərə alınmadan) normal həyat fəaliyyəti şəraitinə qaytarılmışdır. Çernobıl AES-də baş vermiş qəzadan bəri radioaktiv parçalanma nəticəsində ölkə ərazisinin Seziyum-137 ilə çirklənmiş sahəsi 1,8 dəfə, Stronsiyum-90 ilə çirklənmə sahəsi isə, demək olar ki, 1,9 dəfə azalmışdır. Radioaktiv çirklənmə zonalarında yerləşən yaşayış məntəqələrinin sayı 45% azalmışdır.
Olqa Çemodanova vurğulayıb ki, zərər çəkmiş əhalinin sosial müdafiəsi üzrə müxtəlif güzəşt və kompensasiyaların verilməsini, pulsuz sanatoriya-kurort müalicəsini və sağlamlaşdırma tədbirlərini, eləcə də digər yardımları nəzərdə tutan tədbirlər sistemi həyata keçirilir: “Bu prosesdə ilkin və əsas diqqət uşaqlara yönəldilir. Zərər çəkmiş regionların dirçəlişini və dayanıqlı sosial-iqtisadi inkişafını təmin etməyə yönəlmiş işlər (yeni iş yerlərinin açılması, sahibkarlıq üçün əlverişli şəraitin yaradılması, o cümlədən güzəştli vergitutma, kreditləşmə) davam etdiriləcəkdir”.
Belarus nümayəndəsi əlavə edib ki, çoxsəviyyəli təhlükəsizlik sistemi ilə təchiz olunmuş Belarus AES ölkənin bütün elektrik enerjisinin təxminən 40%-ni istehsal edir: “Bu da elektrik enerjisinin idxalından tamamilə imtina etməyə və istixana qazlarının emissiyasını azaltmağa imkan vermişdir. Belarus özünü onilliklər boyu etibarlı, ekoloji cəhətdən təmiz və əlçatan enerji mənbəyi ilə təmin etmiş, eyni zamanda, onu əhali üçün də sərfəli etmişdir. Ölkəmiz elektrik enerjisinin qiymətinin ən aşağı olduğu üç Avropa dövlətinin sırasına daxildir”.
Tacikistan Xalq Demokratik Partiyasının sədr müavini Umeda Abdullozoda bildirib ki, zəngin tarixi irsə, mədəni müxtəlifliyə və mühüm geostrateji mövqeyə sahib olan Cənubi Qafqaz həmişə diqqət mərkəzində olub: “Bu gün regional təhlükəsizlik qlobal sabitlik və davamlı inkişafla ayrılmaz şəkildə bağlıdır. Cənubi Qafqazda sabitliyin gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur”.
Umeda Abdullozodanın sözlərinə görə, Tacikistanın Xalq Demokratik Partiyası ölkənin aparıcı siyasi qüvvəsi kimi həm milli, həm də beynəlxalq səviyyədə sülhün və sabitliyin gücləndirilməsinə xüsusi əhəmiyyət verir: “Biz əminik ki, məhz regional əməkdaşlıq müasir çağırışlara və təhdidlərə cavab vermək üçün ən təsirli vasitələrindən biridir. Bu kontekstdə Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığımızı qarşılıqlı etimada, ortaq dəyərlərə və konstruktiv siyasi dialoqa əsaslanan tərəfdaşlığın uğurlu nümunəsi kimi yüksək dəyərləndiririk”.
Tacikistan Xalq Demokratik Partiyasının sədr müavini qeyd edib ki, müharibəni yaşayan və sülh yaratmağı bacaran ölkə kimi Tacikistan bu mühüm məsələlərin həqiqi dəyərini anlayır: “Bizim təcrübəmiz inandırıcı şəkildə təsdiqləyir ki, möhkəm sülhə yalnız dialoq, milli barışıq və inklüziv inkişaf vasitəsilə nail olmaq mümkündür. Regionlarımızın və bütövlükdə, dünyanın gələcəyi əməkdaşlığa, qarşılıqlı etimada və effektiv həllərin birlikdə axtarışına hazırlıqdan asılıdır. Cənubi Qafqazda sülh quruculuğu yalnız region ölkələrinin deyil, beynəlxalq birliyin ümumi məsuliyyətidir”.
Şimali Makedoniya Türk Demokratik Partiyasının sədri Zülfikar Zeynula çıxışında müzakirə edilən mövzunun aktuallığını vurğulayaraq qeyd edib ki, Balkan regionunda bu məsələyə yanaşma xüsusilə əhəmiyyətlidir: “Çünki Balkanlar da Qafqaz kimi uzun illər müharibələr, köçlər, siyasi böhranlar və ictimai sarsıntılar yaşayıb. Yenidənqurma anlayışı yalnız nəzəri çərçivədə deyil, real tarixi təcrübələrə əsaslanan çoxşaxəli bir prosesdir. Bu proses çox zaman yalnız infrastrukturun – yolların, körpülərin və yaşayış binalarının inşası kimi qəbul edilir, lakin əslində, daha geniş məna daşıyır”.
Zülfikar Zeynula bildirib ki, müharibələr və dağıntılar təkcə fiziki infrastruktura deyil, eyni zamanda, ictimai münasibətlərə, sosial-iqtisadi həyata, mədəni mühitə və insanların gələcəyə baxışına ciddi təsir göstərir: “Buna görə də yenidənqurma yalnız mühəndislik və şəhərsalma çərçivəsində qiymətləndirilə bilməz. O əlavə edib ki, bu proses sosial, mədəni və psixoloji aspektləri ilə birlikdə kompleks şəkildə dəyərləndirilməlidir. Bu kontekstdə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan bərpa və yenidənqurma işləri parlaq nümunədir. Bu ərazilərdə həyata keçirilən layihələr yalnız infrastrukturun yenilənməsi ilə məhdudlaşmır, eyni zamanda, əhalinin doğma yurdlarına qayıdışı, sosial-iqtisadi canlanma, mədəni irsin qorunması və müasir şəhər mühitinin formalaşdırılmasını da əhatə edir. Postmünaqişə dövründə yenidənqurma prosesi üç əsas istiqaməti əhatə edir: fiziki, iqtisadi və ictimai bərpa. Fiziki bərpa infrastrukturun yenilənməsini, iqtisadi bərpa məşğulluq imkanlarının artırılmasını və investisiyaların cəlb olunmasını, ictimai bərpa isə sosial həmrəyliyin və etimad mühitinin gücləndirilməsini nəzərdə tutur”.
Zülfikar Zeynula qeyd edib ki, şəhərsalma yalnız texniki proses deyil, eyni zamanda sosial və mədəni mahiyyət daşıyan strateji sahədir: “Müasir şəhərlər yalnız binalardan ibarət deyil, həm də sosial həmrəylik, mədəni kimlik və ortaq yaşam dəyərlərinin formalaşdığı məkanlardır”.
Z.Zeynula, həmçinin texnoloji transformasiyanın şəhərsalma sahəsinə gətirdiyi imkanlara toxunaraq “ağıllı şəhər” tətbiqləri, rəqəmsal infrastruktur, fəlakətlərin idarə olunması və məlumat əsaslı planlaşdırmanın gələcəyin şəhərləri üçün vacib istiqamətlər olduğunu bildirib. O qeyd edib ki, Türk dövlətlərinin təcrübələri ortaq platformanın formalaşmasına mühüm töhfə verə bilər. Bu kontekstdə Türkiyənin zəlzələdən sonrakı yenidənqurma təcrübəsi, Azərbaycanın azad edilmiş ərazilərdə bərpa işləri və Balkan ölkələrinin çoxmədəniyyətli təcrübəsi xüsusi önəm daşıyır.
Serbiya Tərəqqipərvər Partiyasının İdarə Heyətinin üzvü, Serbiya Milli Assambleyasının üzvü Daniela Nikoliç çıxışında bildirib ki, münaqişədən sonrakı yenidənqurma sadəcə bir tikinti layihəsi deyil: “Bu, insanlara ləyaqətinin qaytarılması, ailələrin geri dönüşü üçün şəraitin yaradılması, etimadın yenidən bərpa olunması və bütöv regionlar üçün inkişafa dair yeni üfüqlərin açılması prosesidir. Bu gün Şuşaya və azad edilmiş digər ərazilərdəki şəhərlərə nəzər salarkən aydın görünür ki, qarşıya qoyulan məqsəd sadəcə vaxtilə mövcud olanı bərpa etmək deyil. Əsas hədəf gələcək nəsillər üçün daha yaxşı, daha müasir, daha dayanıqlı və daha funksional bir mühit qurmaqdır. Müasir şəhərsalmanın əsl mahiyyəti də məhz bundan ibarətdir”.
Daniela Nikoliç qeyd edib ki, Serbiya irimiqyaslı dağıntılardan sonra yenidənqurma və inkişafın gətirdiyi çağırışları çox yaxşı anlayır. Onun sözlərinə görə, Serbiyanın təcrübəsi göstərir ki, bərpa prosesi yalnız dağıdılmış olanı yenidən tikməkdən ibarət deyil, uzunmüddətli inkişafın təməlini qoymaq deməkdir.
O qeyd edib ki, uğurlu yenidənqurmanın ümumi prinsipləri mövcuddur: “Bunlar qəti siyasi iradənin mövcudluğu, uzunmüddətli planlaşdırma, iqtisadi inkişafın təməli kimi infrastruktura investisiya qoyuluşu və çətin şəraitin öhdəsindən gələrək prosesdən əvvəlkindən daha güclü çıxmaq imkanına olan inamdır. Bunlar məhz bizim bu gün Azərbaycanın inkişafında aydın gördüyümüz prinsiplərdir. Hədəf sadəcə ərazinin rekonstruksiyası deyil, yaşamaq üçün rəqabətədavamlı, dayanıqlı və cəlbedici olan müasir icmaların yaradılmasıdır. Bu gün Azərbaycanda gördüklərimiz məhz bu yanaşmanı əks etdirir. İnfrastrukturun inkişafı ilə yanaşı, regionun mədəni kimliyinin, tarixi irsinin qorunub saxlanmasına böyük diqqət yetirilməsi xüsusilə təqdirəlayiqdir”.
Serbiya ilə Azərbaycan arasındakı münasibətlərin səmimi dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlığa bariz nümunə olduğunu qeyd edən natiq güclü siyasi iradə və qarşılıqlı etimad sayəsində əlaqələrimizin tarixin ən yüksək səviyyəsinə çatdığını bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycan çağırışları imkanlara çevirməyin mümkün olduğunu əyani şəkildə göstərir, şəhərləri yenidən qurmağın, uzun müddət münaqişədən əziyyət çəkmiş ərazilərə həyatı yenidən qaytarmağın və gələcəyi böyük inam və iddialı hədəflərlə planlaşdırmağın mümkün olduğunu sübut edir. Daniela Nikoliç Serbiya ilə Azərbaycan arasındakı dostluğun daha da möhkəmlənəcəyini və ölkələrimizin bir-birini dəstəkləməyə davam edəcəyini qeyd edib.
“Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının Gənclər Təşkilatının sədri, Gürcüstan parlamentinin üzvü Varlam Liparteliani postmüharibə dövründə bərpa və yenidənqurma, şəhərsalma siyasəti ilə bağlı fikirlərini bölüşüb.
Varlam Liparteliani bildirib ki, müasir dövrdə münaqişədən sonrakı bərpa anlayışı yalnız dağıdılmış binaların və infrastrukturun yenidən qurulması ilə məhdudlaşmır. Onun sözlərinə görə, bu proses sosial-iqtisadi, demoqrafik siyasəti özündə birləşdirən kompleks yanaşma olmaqla, zərər çəkmiş ərazilərdə təhlükəsiz, layiqli və dayanıqlı yaşayış mühitinin formalaşdırılmasını hədəfləyir.
Gürcüstanın uzun illərdir, silahlı münaqişələrin nəticələri ilə üzləşdiyini qeyd edən parlament üzvü diqqətə çatdırıb ki, bu, ölkə üçün ciddi humanitar və sosial-iqtisadi böhranla nəticələnib.
O vurğulayıb ki, bu reallıqlar şəhərsalma siyasətinin əhəmiyyətini daha da artırıb. Parlament üzvünün sözlərinə görə, postmünaqişə dövründə məqsəd yalnız yaşayış binalarının tikintisi deyil, eyni zamanda müasir mühəndis-kommunikasiya infrastrukturu, nəqliyyat əlçatanlığı, keyfiyyətli təhsil və səhiyyə xidmətləri ilə təmin olunan yaşayış məkanlarının formalaşdırılmasıdır.
Varlam Liparteliani qeyd edib ki, münaqişədən sonrakı inkişaf proqramları yalnız bərpa məqsədlərinə deyil, həm də gələcəyə hesablanmış davamlı və dayanıqlı şəhərlərin formalaşdırılmasına xidmət etməlidir: “Postmünaqişə dövründə bərpa-quruculuq işləri mürəkkəb və uzunmüddətli proses olsa da, düzgün strateji planlaşdırma, müasir şəhərsalma siyasəti və insan amilinə əsaslanan yanaşma sayəsində bu proses dayanıqlı inkişaf, sosial rifah və cəmiyyətin yenilənməsi üçün mühüm imkanlara çevrilə bilər”.
Konfrans Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Konfrans iştirakçıları Şuşa şəhərinin tarixi məkanları, aparılan tikinti və bərpa-quruculuq işləri ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxHadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51

