Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Fransada keçirilən qəribə festival

Fransada keçirilən qəribə festival

21.08.2026 [11:10]

Donuz səsini təqlid üzrə çempionatın tarixçəsi və yarım əsr yaşamasının sirri

Fransada şərab, pendir, milli mətbəx, tarix və ənənəvi mədəniyyətlə bağlı saysız-hesabsız festivallar keçirilir, amma ölkənin cənub-qərbində yerləşən kiçik Trie-sur-Baise şəhərində keçirilən bir tədbiri bunlarla müqayisə etmək çətindir. Çünki hər ilin avqust ayında burada insanlar bir araya gələrək kimin daha yaxşı donuz səsi çıxardığını müəyyənləşdirmək üçün yarışırlar. Kənardan baxana bu mənzərə ilk anda sadəcə gülməli bir tamaşa təsiri bağışlaya bilər, halbuki qəribə yarışın arxasında kiçik bir şəhərin tarixini, kənd təsərrüfatını, heyvandarlıqla bağlı keçmişini, yerli insanların öz şəhərlərinə bağlılığını və zaman keçdikcə yoxa çıxan kənd iqtisadiyyatını qoruyub saxlamaq cəhdi dayanır.

Bu tədbir La Pourcailhade, yəni “Donuz bayramı” adlanır və onun ən məşhur hissəsi “Championnat de France du cri du cochon” - Donuz səsini təqlid etmək üzrə Fransa çempionatıdır. Qıraqdan baxanda bu, absurd və gülməli bir yarış kimi görünür, amma Trie-sur-Baise sakinləri üçün bunun öz məntiqi var, çünki donuz bu şəhərin sadəcə bayram simvolu yox, uzun illərdən bəri iqtisadi və ictimai həyatının bir hissəsi olub.

Bu qəribə yarışın niyə məhz Trie-sur-Baise şəhərində yarandığını başa düşmək üçün əvvəlcə şəhərin keçmişinə nəzər salmaq lazımdır, çünki bu kiçik yaşayış məntəqəsi uzun illər Fransanın ən mühüm donuz balası ticarəti mərkəzlərindən biri olub. İkinci Dünya müharibəsindən sonra şəhər donuz bazarı ilə ölkə daxilində daha çox tanınıb, hər çərşənbə axşamı buraya minlərlə donuz balası gətirilib, ən gur dövrlərdə isə bazarda çox böyük sayda heyvan satılıb və 1970-ci illərdə donuzçuluq artıq şəhərin iqtisadi həyatının ayrılmaz hissəsinə çevrilib. Ona görə də şəhərdə donuza həsr olunmuş bayram keçirmək təsadüfi qərar yox, əksinə, yerli əhalinin öz tarixini və həyat tərzini qorumaq üçün seçdiyi bir yol olub. Bayramın mənası çox sadədir: “Bu, bizim tariximiz, iqtisadiyyatımız, mədəniyyətimizdir”.

1975-ci ildə şəhərdə “Trie Trouje Porc” adlı qəribə bir oyun meydana çıxıb; iştirakçılar hansısa insanı, heyvanı və ya əşyanı onun çıxardığı səsi təqlid etməklə tapmalı idilər. Həmin oyun zamanı iştirakçılardan birinin donuz səsini təqlid etməsi sonradan məşhur çempionatın yaranmasına gətirib çıxaran hadisələrdən sayılır. Beləliklə, bu yarış əvvəldən kiminsə qəribə və gülməli şou yaratmaq istəyindən doğmayıb, kiçik aqrar şəhərin öz iqtisadi tarixini və yerli həyatını bayram şəklində yaşatmaq istəyindən yaranıb.

Çempionat nə vaxt başlanıb?

Burada maraqlı bir tarixi məqam var. Mənbələrdə tədbirin başlanma tarixi ilə bağlı müəyyən fərq mövcuddur və bunu dəqiq izah etmək lazımdır, çünki bəzi mənbələr La Pourcailhade festivalının başlanğıcını 1975-ci ildən hesablayır, müasir Trie-sur-Baise materiallarında isə ilk böyük və rəsmi Pourcailhade-nin keçirilmə tarixi 1981-ci il kimi göstərilir. Həmin ildə tədbir daha təmtəraqlı təşkil olunub, La Depeche du Midi qəzetinin podiumu və tanınmış müğənni Linda de Souza şəhərə gəlib, məhz həmin il ilk yarış keçirilib, amma yarışa cəmi üç nəfər qatılıb. Çempionatın ilk qalibi kimi isə ənənəvi olaraq Yves Lartiguenin adı çəkilir və onun qələbəsinin tarixi 1982-ci illə əlaqələndirilir. Buna görə hadisələrin ən düzgün ardıcıllığı belədir: 1975-ci il - donuzla bağlı ilk oyunlar və bayram ənənəsinin yaranması; 1981-ci il - ilk dəfə böyük təmtəraqla təşkil olunmuş La Pourcailhade; 1982-ci il - donuz səsini təqlid etmək üzrə ilk təsdiqlənmiş çempion.

Yəni “Fransa donuz təqlidi çempionatını 1975-ci ildən keçirir” demək tam dəqiq ifadə sayılmır; daha düzgün yanaşma budur ki, festivalın kökü 1970-ci illərin ortalarına gedib çıxır, çempionat isə sonrakı illərdə ayrıca formalaşıb.

Niyə məhz donuz səsi?

Bu sualın cavabı da həmin şəhərin kənd təsərrüfatı keçmişində gizlənir. Uzun illər donuzçuluq və donuz alveri ilə güzəran sürən şəhərdə heyvan səsləri gündəlik həyatın bir hissəsi olub. Yarışın ilk illərində iştirakçıdan donuzun müxtəlif vəziyyətlərdə (doğma, yemlənmə, cütləşmə və hətta kəsilmə anında) çıxardığı səsləri təqlid etmək tələb olunub. 1985-ci ildə Le Monde qəzeti yazırdı ki, iştirakçılar ciddi seçim prosesindən keçirlər, münsiflər heyətində baytarlar, fermerlər, heyvandarlıq üzrə yerli mütəxəssislər də yer alır və münsiflərin fikrincə, yaxşı nəticə göstərmək üçün sadəcə səs çıxarmaq kifayət etmir, iştirakçı “donuzu başa düşməlidir”. Bu, çox maraqlı məqamdır, çünki təşkilatçılar yarışın yalnız gülüş və məsxərə üzərində qurulmasını istəmirdilər, onlar donuzçuluğun bölgənin iqtisadi həyatında oynadığı rola hörmətlə yanaşmaq istəyirdilər. Bu səbəbdən yarış bir tərəfdən əyləncə, digər tərəfdən isə kənd həyatının yaddaşını qoruyan bir ənənəyə çevrilmişdi.

Kiçik şəhər miqyaslı yarışdan Fransa çempionatına

Tədbirin uğuru təşkilatçıların gözlədiyindən böyük oldu - yarış artıq təkcə Trie-sur-Baise sakinlərini maraqlandırmırdı. Çox keçməmiş Fransanın müxtəlif bölgələrindən insanlar buraya axışmağa başladılar, Elzasdan, Lion bölgəsindən, Bask ölkəsindən, Marseldən, Bordodan, Sevenlərdən və başqa yerlərdən iştirakçılar yarışa qatıldılar. Məsələn, 1985-ci ildə çempionatda ilkin seçimdən keçən 20 iştirakçı mübarizə aparıb, finalı isə bir neçə min tamaşaçı izləyib. Həmin vaxtlar teleşirkətlər də bu qəribə yarışa maraq göstərməyə başlayıb, fransız televiziya qrupları ilə yanaşı Almaniya televiziyası da tədbiri işıqlandırıb. Hətta ABŞ-ın CBS kanalı da yarışla maraqlanıb, baxmayaraq ki, həmin il onun çəkiliş qrupu son anda iştirakdan imtina edib. Beləliklə, kiçik bir şəhərin öz tarixini qorumaq üçün yaratdığı yerli əyləncə getdikcə ölkə səviyyəsində tanınan media hadisəsinə çevrilib.

Fransızlar bu bayramı niyə sevirlər?

Burada fransız mədəniyyətinin maraqlı bir xüsusiyyəti özünü büruzə verir: fransızlar özləriylə zarafatlaşmağı, həyatın bəzi ciddi tərəflərinə yumorla yanaşmağı və bəzən tamam absurd görünən tədbirlər keçirməyi xoşlayırlar. Trie-sur-Baise-də keçirilən Donuz bayramı bu milli xüsusiyyətin parlaq nümunəsidir.  Bayram yalnız donuz səsi yarışından ibarət deyil, burada donuz balalarının da yarışları keçirilir, qanlı kolbasa yemək üzrə müsabiqələr, müxtəlif qastronomik tədbirlər, hətta oyuncaq donuz atmaq üzrə yarış da təşkil olunur. Buna görə yerli adamlar bu tədbirə yalnız “kim udacaq?” marağıyla gəlmirlər, onlar şənliyin özünə, musiqiyə, gülüşə, həmrəyliyə, ümumi ovqata görə bayram tədbirlərində iştirak edirlər. Münsiflər də yalnız kimin daha yaxşı donuz səsi çıxardığına baxmırlar, iştirakçının səhnədə necə davranması, geyimi, çıxışı və tamaşaçıların reaksiyası da nəzərə alınır. Yəni qalib olmaq üçün iştirakçı həm donuzu yaxşı təqlid etməli, həm aktyor kimi performans göstərməli, həm də tamaşaçını əyləndirməyi bacarmalıdır. Bu səbəbdən yarış zaman keçdikcə xalq teatrına və böyük şouya çevrilib.

Kəramət Qənbərov,

Beynəlxalq münasibətlər

üzrə tədqiqatçı

Paylaş:
Baxılıb: 71 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Gündəm

CNN cavab verəcək!

20 Avqust 11:38

Gündəm

İqtisadiyyat

Mədəniyyət

Əfsanəvi maestro

20 Avqust 09:05

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31