Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / İki ölkə arasında sarsılmaz müttəfiqlik münasibətləri

İki ölkə arasında sarsılmaz müttəfiqlik münasibətləri

16.06.2026 [15:50]

Azərbaycan ilə Türkiyə arasında münasibətlər ortaq tarixə, milli-mənəvi dəyərlərə, eyni kökə, dil və mədəniyyət birliyinə əsaslanır. Bu münasibətlər təkcə iki dövlət arasındakı diplomatik əlaqələr deyil, eyni zamanda iki qardaş xalqın əsrlər boyu formalaşmış dostluq və həmrəylik nümunəsidir. “Bir millət, iki dövlət” prinsipi üzərində qurulan Azərbaycan-Türkiyə əlaqələri bu gün regionun ən güclü və nümunəvi strateji tərəfdaşlıq modelinə çevrilmişdir.

Tarix boyu Azərbaycan və Türkiyə ən çətin dövrlərdə bir-birinə dəstək olmuş, qarşılıqlı etimad və həmrəylik nümayiş etdirmişlər. Xüsusilə Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra iki ölkə arasında siyasi, iqtisadi, hərbi, humanitar və mədəni sahələrdə əməkdaşlıq sürətlə inkişaf etmişdir. Dövlət başçıları Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi nəticəsində bu əlaqələr daha da möhkəmlənmiş, müttəfiqlik səviyyəsinə yüksəlmişdir.

Azərbaycan-Türkiyə münasibətlərinin tarixində ən mühüm hadisələrdən biri 2021-ci il iyunun 15-də Şuşa şəhərində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan bu mühüm sənəd iki qardaş ölkə arasında münasibətlərin yeni mərhələsini müəyyənləşdirmişdir.

Şuşa Bəyannaməsinin məhz Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada imzalanması xüsusi rəmzi məna daşıyır. Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra imzalanan bu sənəd Azərbaycan və Türkiyənin regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfənin göstəricisidir. Bəyannamə iki ölkənin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı yönələn təhdidlərə qarşı birgə fəaliyyət prinsiplərini özündə ehtiva edir.

Şuşa Bəyannaməsi siyasi münasibətlərin daha da inkişaf etdirilməsini, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin gücləndirilməsini, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Sənəddə hərbi əməkdaşlıq, müdafiə sənayesi, birgə təlimlər və təhlükəsizlik məsələləri xüsusi yer tutur. Bu baxımdan Şuşa Bəyannaməsi regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə xidmət edən mühüm strateji sənəd kimi qiymətləndirilir.

İqtisadi sahədə də Azərbaycan və Türkiyə arasında əməkdaşlıq ildən-ilə genişlənir. Enerji layihələri, nəqliyyat dəhlizləri, ticarət əlaqələri və investisiya proqramları iki ölkənin iqtisadi gücünü artırmaqla yanaşı, regionun inkişafına da mühüm töhfə verir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP layihəsi və Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng layihələr Azərbaycan-Türkiyə əməkdaşlığının uğurlu nəticələridir. Şuşa Bəyannaməsi bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsinə yeni imkanlar açmışdır.

Müttəfiqlik münasibətləri yalnız siyasi və iqtisadi sahələri əhatə etmir. Təhsil, elm, mədəniyyət, gənclər siyasəti, informasiya və humanitar sahələrdə həyata keçirilən birgə layihələr xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Gənc nəslin milli-mənəvi dəyərlər əsasında yetişdirilməsi, ortaq tarixi və mədəni irsin qorunması istiqamətində həyata keçirilən tədbirlər Azərbaycan-Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsini təmin edir.

Bu gün Azərbaycan və Türkiyə beynəlxalq müstəvidə də bir-birinin ən etibarlı tərəfdaşı kimi çıxış edir. Hər iki dövlət regional və qlobal məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirir, Türk dünyasının birliyinin möhkəmləndirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edir. Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən fəaliyyətlər də bu əməkdaşlığın mühüm istiqamətlərindən biridir.

Şuşa Bəyannaməsinin imzalanmasından ötən müddət ərzində Azərbaycan-Türkiyə münasibətləri daha da inkişaf etmiş, strateji müttəfiqlik yeni məzmun qazanmışdır. Bu sənəd iki qardaş dövlətin gələcək əməkdaşlığının yol xəritəsi olmaqla yanaşı, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına xidmət edən mühüm siyasi-hüquqi əsasdır.

Azərbaycan və Türkiyə arasındakı münasibətlər ortaq tarixə, qardaşlığa və qarşılıqlı etimada söykəndiyi üçün sarsılmaz xarakter daşıyır. Şuşa Bəyannaməsi isə bu qardaşlığın və müttəfiqliyin ən yüksək siyasi ifadəsi kimi tarixə düşmüşdür. İki ölkənin birgə fəaliyyəti bundan sonra da regionun inkişafına, xalqlarımızın rifahına və Türk dünyasının birliyinin daha da möhkəmlənməsinə mühüm töhfələr verəcəkdir.

Şamo Qasımov

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini

Paylaş:
Baxılıb: 65 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30